Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti insan hüquq və azadlıqlarının səmərəli hüquqi müdafiə vasitəsidir

1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində pro­kurorluq orqanı yaradılmışdır. Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə elan edilmiş həmin tarix Azərbaycan prokurorluq orqanlarının yaranma­sı və təşəkkülü tarixidir. Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respubli­ka olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası, dövlətçilik atributları unudulmamışdır. Ötən əsrin son­larında yenidən müstəqillik əldə etmiş xalqımız Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmiş, əsl istiqlaliyyət və milli dirçəliş ideya və arzularına isə ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra qovuşa bilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respubli­kasının Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sı­rasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Konstitusiyaya 24 avqust 2002-ci il tarixli referendumla edilmiş dəyişikliklərlə Azərbaycan Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunu daha da artırmışdır.

Məhz ulu öndərimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2000- ci il aprelin 26-da ümummilli lider Heydər Əliyevin prokurorluq orqan­larının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, fəaliyyət üçün normativ hüquqi baza, demok­ratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün lazımi mühit yaradılmışdır.

Bu tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda dövrün tələbi ilə səsləşən hərtərəfli islahatlara təkan verilmiş, prokurorluq orqan­larında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, normativ hüquqi bazası formalaşdırıl­mış, fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquq və azad­lıqlarının təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.

102 illik inkişaf tarixi ərzində çətin, lakin şərəfli bir təkamül yolu keçməklə, bu gün xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxala­nan, milli ənənələrə və mütərəqqi dün­ya standartlarına uyğun şəkildə daim təkmilləşən Azərbaycan Prokurorluğu dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə qanu­nun aliliyinin təmin edilməsi, insan hü­quq və azadlıqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərməkdədir. Hazırda yeni müstəvidə həyata keçirilən məhkəmə-hüquq islahatları uğurla davam etdirilir və prokurorluq orqanları hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

Mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən, fəaliyyətinin əsas məramını ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasında, əhalinin rifah halının yüksəldilməsində görən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respub­likamızda mütəmadi olaraq həyata keçirilən məqsədyönlü tədbirlər, institusional dəyişikliklər, qanunve­ricilik bazasının təkmilləşdirilməsi ən mütərəqqi beynəlxalq təcrübənin müsbət cəhətlərini və nailiyyətlərini özündə əks etdirən hüquq sisteminin formalaşdırılmasını təmin edərək insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, bəşəri norma və prinsiplərə əməl edən müstəqil, demokratik və hüquqi dövlətimizin daha da möhkəmləndirilməsinə zəmin yaradır.

Zamanın tələblərinə uyğunlaşma zərurəti ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrinin, o cümlədən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da isla­hatları şərtləndirmişdir. Bu zərurət 1 may 2020-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokuroru cənab Kamran Əliyevin videoformatda qəbulu zamanı bir daha vurğulanmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Dövlət başçımızın prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12- də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmuş, həmin vəzifələrin icrası ilə bağ­lı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatlara başlanılmış, qısa zaman ərzində genişmiqyaslı struktur və kadr islahatları həyata keçirilmişdir.

Cinayət mühakimə icraatında insan hüquqlarının və əsas azadlıq­ların, vətəndaşların qanuni maraqla­rının qorunmasında, sosial ədalətin müdafiəsində həyata keçirdiyi funksiyaların əhəmiyyəti, cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmasında xüsusi rolu pro­kurorluq orqanlarının fəaliyyətini tənzimləyən norma və müddəaların müasir dövrün çağırışlarına, norma­yaratma fəaliyyətinin mütənasiblik, sistemlilik və digər prinsiplərinə uyğun olaraq daha da təkmilləşdirilməsini zəruri etmişdir. Müasir dövrün yüksək tələbləri müstəvisində həyata keçirilən intensiv islahat tədbirlərinin nəticəsi olaraq prokurorluqda normativ xarak­terli sənədlərin məcəllələşdirilməsi prosesi həyata keçirilmiş və daha təkmil vahid normativ-hüquqi baza formalaşdırılaraq, yeni mütərəqqi iş prinsipləri və metodları tətbiq olunma­ğa başlanılmışdır. İşin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirəsalınmadan aradan qaldırma­ğa təminat verən icra və nəzarət mexanizmləri yaradılmışdır.

Prokurorluqda idarəçilik, icra və əmək intizamı, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlar və tabe proku­rorluqlar arasında münasibətlər kimi ayrı-ayrı sahələrin müasir tələblər səviyyəsində vahid normativ sənəddə tənzimlənməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Pro­kurorluğunun 30 iyul 2020-ci il tarixli kollegiya iclasında Azərbaycan Res­publikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları” təsdiq olunmuş və 1 avqust 2020-ci il tarixdən bütün prokurorluq orqanlarında qüvvəyə minmişdir. Qaydaların qüvvəyə minməsi ilə əlaqədar Baş Prokurorluq üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənəd tam və ya qismən ləğv edilmişdir.

“İşin Təşkili Qaydaları” qanunla müəyyən edilmiş əsas prinsiplərlə yanaşı, prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq, dürüst­lük, düzgün idarəçilik, risklərin qiymətləndirilməsi, nəticələrin müva­fiq hədəflər üzrə təhlil olunması, funk­siyaların fərdiləşdirilməsi, məsuliyyət və cavabdehliyin artırılması, innovativ üsul və təcrübələrin tətbiqi kimi yeni prioritet istiqamətlər müəyyən etmiş­dir. Eyni zamanda, qanunçuluq, kolle­giallıq, ədalət, qərəzsizlik və obyektiv­lik prinsipləri rəhbər tutulmaqla, Baş Prokurorluqda ilk dəfə olaraq İntizam Komissiyası, Etik Davranış Komis­siyası, Əmək Məsələləri Komissiyası kimi qurumlar təsis edilmiş və həmin qurumların üzvlüyünə namizədlər Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli kollegiya iclasında seçilərək tərkibləri formalaşdırılmaqla fəaliyyətə başla­mışlar.

Bundan əlavə, qaydalarda proku­rorluğun cinayət təqibindən kənar ic­raatlarda iştirakının genişləndirilməsi, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekolo­ji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində fəaliyyətinin əlaqələndirilməsi, tabe prokurorluq­larda istintaq edilən cinayət işlərinin Baş Prokurorluğa məruzə və müzakirə edilməsi ilə əlaqədar mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemi­nin imkanlarından istifadə edilməsi, in­formasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə ittiham aktla­rının təsdiqi səlahiyyətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon (şəhər) prokurorlarına qaytarıl­ması, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi üçün fəaliyyətin koordinasiyası, o cümlədən aktivlərin aşkar edilməsi və izlənməsi, əmlakın bərpasının icra olunması, xüsusi müsadirə obyekti olan əmlakın idarə edilməsi, Baş Pro­kurorluğun veb-saytı üzərindən ümumi müzakirələr və təkliflər platformaları vasitəsilə prokurorluq işçilərindən daxil olan təkliflərin mütəmadi olaraq ümumiləşdirilməsi və sair önəmli yeniliklər nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, Azərbaycan Prokurorluğunun fəaliyyəti daha geniş sferada məhz cinayət mühakimə icraatı ilə bağlıdır. Cinayət mühakimə icraatında prokuror nəzarəti müasir beynəlxalq hüquqla müəyyən edil­miş mənada hüquqi dövlət prinsipi əsasında dövlət quruculuğuna malik əksər dövlətlərdə prokurorluğun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Belə bir rəsmi dəyərləndirmə Av­ropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli tövsiyələrində təsbit edilmişdir : “Prokurorluq dedikdə, bir tərəfdən insan hüquqları, digər tərəfdən cinayət mühakimə icraatının effek­tiv həyata keçirilməsinin zəruriliyi nəzərə alınaraq, cəmiyyətin adından və onun mənafeyi naminə qanun­la cinayət hesab edilmiş əməllərlə əlaqədar qanunvericiliyin icrasına nəzarət qismində hakimiyyət başa düşülür. Bütün cinayət mühakimə icraatı sistemlərində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə prokurorluq məhkəmə prosesinin başlanılmasına və davam etdirilməsinə ehtiyac olub-olmamasını həll edir, məhkəmə qarşı­sında ittihamı həyata keçirir, məhkəmə qərarlarını mübahisələndirmək səlahiyyətinə malik olur”.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Bu zaman prokuror nəzarəti törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətinin, cinayət işlərinin material­larının və sənədlərinin yoxlanılmasını, təhqiqatçının və ya müstəntiqin qərar və hərəkətlərindən verilmiş şikayətlərə baxılmasını, onların qanunsuz və əsassız qərarlarının ləğv edilməsini, ittiham aktının, habelə digər qərarların təsdiq edilməsini, cinayət işlərinin və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsini, tutulma, məcburi gətirilmə və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılmasının qanuniliyinə nəzarət edilməsini və qanunla nəzərdə tutul­muş digər məsələləri əhatə edir.

Qeyd olunanlardan əlavə, “Əməliyyat-axtarış fəaliyyəti haq­qında” Azərbaycan Respublikasının Qanununa əsasən prokuror əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanıl­ması hüququnu məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin və qərarların qəbul edilməsinin qanuniliyi üzərində nəzarəti həyata keçirir.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində in­zibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti qanunçuluq prinsipinin təminatı kimi nəzərdə tutul­muşdur. Qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin olunur. Həmçinin insan hüquq və azadlıqları­nın əsas təminatlarından olan müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyən “Vətəndaşların müraciətləri haq­qında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət orqanı­nın (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə həmin qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

Beləliklə, Azərbaycan Respubli­kasının qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti, eyni zamanda, insan hüquq və azad­lıqlarının səmərəli hüquqi müdafiə mexanizmi kimi çıxış edir. Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan, insan hüquq və azadlıq­larının hüquqi müdafiə sisteminin tərkib hissəsi olan prokuror nəzarəti qanunla nəzərdə tutulan maddi və prosessual hüquq normalarına, onların rəsmi şərhinə, formalaşmış məhkəmə təcrübəsinə riayət edilməsinin davam­lılığını təmin etməklə yanaşı, cinayət təqibini həyata keçirən orqanların fəaliyyətində və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqları ilə bağlı beynəlxalq və konstitusion prinsiplərin, İnsan Hü­quqları üzrə Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınaraq tətbiqinə, ictimai münasibətlərin nizama salınmasında hüquq norma­larının tənzimləyici rolunun artırıl­masına və hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edir.

Mövcudluğu və inkişafı dövlətimizlə və xalqımızla bağlı olan milli prokurorluq orqanlarımızın 2020- ci il oktyabrın 1-də 102 yaşı tamam olacaq. Bu münasibətlə prokurorluq orqanlarının hər bir işçisini, pensiya­çılarını, veteranlarını və onların ailə üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, işlərində yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prokurorluq or­qanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin təcəssümü olaraq qeyd etmək istəyirəm ki, “Azərbaycan Prokuror­luğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi prosesində fəal iştirak edəcək və qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.

Aynur OSMANOVA,
Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi, baş ədliyyə müşaviri

18 Sentyabr 2020 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə