Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əziz Kərimlinin böyük uğuru

Gənc istedadlar

O, 700 bal toplamış məzunlardan biridir


Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimli III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Qazandığı bu uğur onun valideylərini, təhsil aldığı məktəbin kollektivini ürəkdən sevindirib.

Biz Əziz Kərimli ilə əlaqə saxladıq və on­dan qazandığı bu yüksək nailiyyətlərin sirrini oxucularımızla bölüşməyi xahiş etdik. Bizimlə söhbətində o dedi ki, ali məktəbə qəbul olmaq üçün çox oxuyur və fasiləsiz çalışırdı: “Həm dərslərə, həm də müvafiq fənlər üzrə məşğələlərə gedirdim. Tədris ilinin əvvəlində hazırlıq ənənəvi qaydada davam edirdi. Ancaq sonra ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejimi ilə əlaqədar dərslərimi və hazırlığı onlayn davam etdirdim. Müəyyən çətinliklər olsa da, onlayn dərslərin, distant təhsilin bir çox üstünlükləri oldu.

Mən ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya milli təhsilimizin inkişa­fına göstərdikləri yüksək diqqətə görə öz dərin minnətdarlığımı bildirirəm. Təhsilimizə göstərilən yüksək qayğı olmasaydı, məktəbimiz müasir avadanlıqlarla təchiz edilməsəydi, uğurları qazanmaq mümkün olmazdı.

Təhsilimizin uğurlarını həmişə izləyirəm. Son illərdə məktəblərimizin maddi-texniki bazası möhkəmlənib və təbii ki, təhsilin keyfiyyətini də bu dinamikaya uyğunlaşdır­maq başlıca şərtdir. Bu gün "Qara qızıl”ı insan kapitalına çevirmək çağırışı xalqa və Vətənə xidmət amalının parlaq ifadəsidir. Prezident İlham Əliyevin Bilik Günü ilə bağlı müraciətində də qeyd olunduğu kimi, dünyada qloballaşma adı altında gənclərin beyinlərinin yuyulması kimi təhlükəli tenden­siya müşahidə olunmaqdadır. Mənə belə gəlir ki, bu cür təhlükələrin qarşısını düzgün və fundamental təhsil, maarifləndirmə sayəsində almaq mümkündür. Prezidentimiz həmin müraciətində dedi ki, intellekt, milli-mənəvi dəyərlərə sadiqlik sağlam yanaşma və düzgün qərarların qarantıdır. Təhsilin dövlət siyasətinin əsas prioriteti kimi inkişafında da məqsəd biz gənclərin milli-mənəvi dəyərlərə sadiq, intellektual vətəndaş kimi formalaşma­mızı təmin etməkdir.

Biz gənclər yaxşı başa düşürük ki, müstəqil Azərbaycanımızın uğurlu gələcəyini təmin etməliyik. Bunun üçün bizə hər cür şərait yaradılıb. Məktəblərimizdə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.

Dövlət başçısı deyir ki, bu gün bi­zim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək”.

Müsahibim əlavə etdi ki, məqsədi ixtisaslı hüquqşünas kimi yetişməkdir. İxtisas seçimi isə ADA Universitetinin hüquq fakültəsidir: “Məni universitetin rektoru, professor Hafiz Paşayev qəbul etdi və bu universiteti seçdiyim üçün təşəkkürünü bildirdi. Bu görüş, həqiqətən, mənim üçün gözlənilməz və sevindirici oldu. Mən də çalışacağam ki, universitetdə seçilən tələbələrdən olum və mənə olan ümidləri doğruldum. Bu uğurumu qazanmağımda üzərimdə böyük zəhməti olan valideynlərimə və müəllimlərimə minnətdarlığımı bildirirəm. Ali məktəbə daxil olmaq istəyən bütün abituriyentlərə uğurlar arzulayıram”.

Əziz Kərimlinin təhsil aldığı 276 nömrəli məktəbin direktoru Bəhram müəllim Əziz Kərimli haqqında ürək dolusu danışdı. Dedi ki, 700 bal toplamaq sizə asan gəlməsin. Əziz istedadlı gəncdir. O, təkcə təhsili ilə deyil, yüksək tərbiyəsi və mədəniyyəti ilə də məktəbimizdə böyük nüfuz qazanmışdır. Dəfələrlə fənn olimpiadalarının qalibi olub. Müəllimlərimizin də sevimli tələbəsi idi. Xoş xasiyyəti, ünsiyyəti ilə hər birimizin rəğbətini qazanmışdı. Yaxşı bilirdik ki, o, qəbul imta­hanlarında yüksək bal toplayacaq. Mən belə tələbəni yetişdirən ailəni də ürəkdən təbrik edirəm və inanıram ki, hansı ixtisası seçsə orada da yüksək nailiyyətlər qazanacaq. İnanıram ki, Əzizin həyat yolu şagirdlərimizə nümunə olacaq.

Biz də bu istedadlı gəncə gələcək həyat yollarında böyük uğurlar arzulayırıq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə