Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan milli və professional musiqisinin banisi

18 Sentyabr Üzeyir Musiqi Günü

Bir dəfə görkəmli bəstəkarımız Aqşin Əlizadə ilə milli musiqimizdən söhbət edərkən o, qəfildən bir anlıq fikrə daldı, sanki, öz-özünə danışırmş kimi, görəsən, Üzeyir bəy olmasaydı, Azərbaycan musiqisinin taleyi necə olardı dedi. Sonra o, keçən əsrin 20-ci illərindən Orta Asiya respublikalarında Moskvanın yerləşdirdiyi və sonralar həmin ölkələrin professional musiqisinin ba­nisi kimi qələmə verilən bəstəkarların soyadlarını yada saldı: Qazaxıstanda – Brusilovski, Velikanov, Şabelski, Qırğızıstanda Vlasov, Feze, Rayxverqer, Tacikistanda Yudakov, Roqalski, Türkmənistanda Şapojnikov, Meytus, Balasanyan, Özbəkistanda Kozlovski, Vasilenko, Qliyer və başqaları.

Bu bəstəkarlar həmin respublika­larda ilk opera və baletlərin, simfonik musiqinin, hətta dövlət himnlərinin müəllifi olublar. Yetişən milli kadrları öz təsirləri altında saxlayıblar, milli düşüncəni cilovlayıblar, təkamülü ləngidiblər. Bunları düşündükcə, gənc Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də vətənpərvər milyonçu H.Z.Tağıyevin teatrında səhnəyə qoy­duğu “Leyli və Məcnun” operasının əhəmiyyətinin nə qədər böyük olma­sını bir daha anlayırıq. 1909-cu ildə “Şeyx Sənan” operası, 1910-cu ildə “Ər və arvad” operettası, “Rüstəm və Söhrab” operası, 1911-ci ildə “O olma­sın, bu olsun” operettası, 1912-ci ildə “Şah Abbas və Xurşidbanu” və “Əsli və Kərəm” operalarını, 1913-cü ildə “Arşın mal alan” operettasını, başqa sözlə, beş il ərzində beş opera və üç operetta yaradan Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyət tarixinin qızıl səhifələrini yazmış oldu. Üzeyir bəy Hacıbəyli özünü Azərbaycan musiqili teatrının yaradıcısı, milli opera və operetta sənətinin banisi, ilk opera müğənnilərinin müəllimi, milli opera və operettaların librettosunu yaradan dramaturq, öz əsərlərinin tamaşalarını idarə edən dirijor, milli musiqinin təəssübünü çəkən, onu bədxah və xain fikirlərdən qoruyan, elmi əsaslarını kəşf edən musiqişü­nas kimi təsdiq etdi. O, Azərbaycanda milli və professional musiqinin varlı­ğını və saflığını qoruyaraq onun həm mübariz sərkərdəsi, həm də dönməz əsgəri olduğunu danılmaz həqiqət kimi ortaya qoydu. Günəş kimi par­layan bu həqiqəti tezliklə hamı qəbul etdi.

Əlbəttə, Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu həmişə hamar, rahat olmamışdır. Bəstəkar, jurna­list, pedaqoq, ictimai xadim kimi ona həmişə mane olan, əngəllər törədən, hətta həyatını təhdid edən qüvvələr olmuşdur. Hələ 1905-ci ildə Qara­bağın Hadrut kəndində müəllimlik edərkən bir gün özünə qarşı erməni quldurları tərəfindən qəsd hazırlan­dığını bilərək gecə ikən kəndi tərk edir, Bakıya pənah gətirir. Bakıda isə o dövrün mütərəqqi ziyalıları, Azərbaycanın xoşbəxt gələcəyini düşünən böyük insanlar – Həsən bəy Zərdabi, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları ilə tanış olur. Məhz belə şəxsiyyətlərlə ünsiyyət Üzeyir Hacıbəylinin dünya­görüşünü formalaşdırır, vətənpərvərlik duyğularını qanadlandırır. Müsəlman məmləkətlərində hər hansı bir maarif işığının yanmasını, milli oyanışın baş qaldırmasını istəməyən çar üsuli-idarəsi Azərbaycanda da təəssübkeş ziyalılara hər cür əngəl törədirdi. “Zemstvo məsələsi” məqaləsində Üze­yir bəy yazırdı: “Üzümüzü ağardan və haqqımızın paybəşik olmasına namu­si-millisi yol verməyənlərimiz var idisə, o da Əhməd bəy idi. Onu Vətəndən qaçırtdılar. Sonra doktor Qara bəy Qarabəyov idi, onu da Vətəndən qa­çırtdılar. Bunlardan başqa, Əlimərdan bəy Topçubaşov idi, onu da vətəndən qaçırtdılar. Bunlardan savayı, dok­tor Nəriman Nərimanov idi, onu da qazamata salıb, bir bölük külfətini ac qoydular… İndi onlar yoxdur, meydan da boşdur…” Əslində, bu ağrılı sözləri yazmaq və mətbuata çıxarmaq özü də böyük hünər istəyirdi. Gənc Üzeyir bəy belə bir hünər sahibi idi.

Gənc yaşlarından yaratdı­ğı operalar, operettalar, yazdığı məqalələr, felyetonlar, ona böyük şöhrət qazandırmışdı. Böyük isteda­dı, zəkası, cəsarəti, açıq düşüncəsi sayəsində o, Azərbaycan ziyalıları­nın sayılıb-seçilənləri sırasına çıxa bilmişdi. Məşhur əsərlərin, kitabların, dərsliklərin müəllifi olmasına baxma­yaraq, o, həmişə savadını artırmaq, mükəmməl təhsil almaq arzusunda idi. Odur ki, 1912-ci ildə Moskvaya gedərək oradakı filarmonik cəmiyyətin musiqi kurslarında oxuyur, 1914-cü ildə Sankt Peterburq Konservato­riyasına daxil olur. Gənclik dostu, məsləkdaşı Müslüm Maqomayevə yazdığı məktubların birində sevinclə bildirirdi ki, “qazandığım bilik və təcrübə bizə çox kömək edəcəkdir.”

Başlanan I Dünya müharibəsi Ü.Hacıbəylini Sankt Peterburq Kon­servatoriyasında təhsilini yarımçıq buraxmağa məcbur edir. Fəqət, arxiv materiallarından, məktublardan bəlli olur ki, Üzeyir bəy həm 23 ay ömür sürmüş Xalq Cümhuriyyəti zamanı, həm də bolşeviklərin hökm sürdü­yü illərdə ali təhsil almaq arzusuyla yaşayırmış. Lakin Azərbaycanda bolşevik hökuməti qurulduğu za­man hökumətə rəhbərlik edən N.Nərimanov Üzeyir Hacıbəyliyə ölkədə musiqi quruculuğu işini, musiqi təhsilinin təşkilini həvalə edir. 1922-ci ildə Fransaya, qardaşı C.Hacıbəyliyə yazdığı məktubda Üzeyir bəy sevinclə bildirirdi ki, “Yaratdığımız musiqi məktəbinin bir yaşı münasibətilə ke­çirdiyimiz müsamirəyə N.Nərimanov özü təşrif buyurmuşdu. Verdiyimiz konsertdən çox məmnun qaldı.”

Musiqi təhsili quruculuğunda da Üzeyir Hacıbəyli böyük vətəndaş, əsl azərbaycanlı mövqeyində qalır. Dünya musiqi təhsilində ilk dəfə milli musiqi alətlərini konservatoriya təhsili sisteminə daxil edir, həm də muğam sənətinin yaşaması və inki­şafı naminə istər instrumental, istər xanəndə ixtisası üzrə muğam sinifləri açır. O zamanın böyük muğam ustalarının – Mirzə Fərəc Rzayev, Mirzə Mənsur Mənsurov, Əhməd Bakıxanov, Mirzə Muxtar, Cabbar Qaryağdıoğlu və başqa sənətkarların iştirakı ilə “muğam komissiyası” yara­daraq təhsil üçün vacib olan “muğam proqramı”nın hazırlanmasını təşkil edir. Məhz bu, Azərbaycan muğam­larının qorunmasını, yaşamasını, inkişafını təmin edən amil olur.

Ümumiyyətlə, Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi təhsili quru­culuğunda gördüyü işlər heyrətamiz dərəcədə əhatəlidir. Təmkinlə, səbrlə, əzmkarlıqla öz qohumlarının, qon­şularının, dostlarının, tanışlarının uşaqlarının musiqi məktəblərinə daxil olmasını təkid edir, təhsildə milli kadrların çoxalmasına nail olurdu. Məhz bu milli kadrlar, yetişən gənc nəsil onun 1931–32-ci illərdə ya­radacağı ilk notlu xalq çalğı alətləri orkestrinin, ilk xorun, simfonik orkestrin, opera solistlərinin özəyini təşkil edəcəkdi. XX əsrin 20–30-cu illərində ətrafında musiqi savadı olmayan milli alət ifaçılarını toplayan və öz kollektivinə “simfonik orkestr” adı verən, vəzifəli himayədarlarının köməyi ilə Bakıda, Qafqazın bir sıra şəhərlərində konsertlər verərək “mey­dan sulayan” A.İonesyan adlı birisi və havadarları Ü.Hacıbəylinin notlu xalq çalğı alətləri orkestri yaratmasına hər vəchlə mane olurdu. Lakin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasın­da İosif Stalinin tapşırığı ilə repertu­ara salınmış “Arşın mal alan” operet­tasını müşayiət edən notlu xalq çalğı alətləri orkestrinin uğurunu görənlər bu sərsəm cəhdlərdən əl çəkməyə məcbur oldular.

Həmin dövrdə musiqi məktəblərində, konservatori­yada yetişən gənc milli kadrlar Ü.Hacıbəylini çox sevindirirdi. O, 1931-ci ildə İtaliyada yüksək vokal dərsləri alaraq Azərbaycana dönmüş Bülbülün ifasına məmnunluqla qulaq asır, öz vokal əsərlərini də ona təqdim edirdi. Bu dövrdə Üzeyir bəyin yaradı­cılığında yeni mərhələ başlanır: 1927- ci ildə violino, violencello və piano üçün bəstələdiyi “Aşıqsayağı” forma­sına, məzmun və kompozisiya qurulu­şuna görə yenilik idi. Bu əsərlə dahi bəstəkarımız Azərbaycan musiqisində yeni janrın əsasını qoymuş oldu. Daha sonra 1931–32-ci illərdə yarat­dığı I və II fantaziyalar Ü.Hacıbəyli yaradıcılığının daha bir zirvəsi olaraq, tamamilə yeni axtarışların, kəşflərin nəticəsi kimi qəbul edildi. Əslində, bu əsərlər qarşıdan gələn nəhəng, əzəmətli, rəngarəng bir əsərin müjdələri idi. Üzeyir bəy uzun illər ax­tarışında olduğu, düşündüyü, içində ərsəyə gətirdiyi “Koroğlu” operasını artıq yazmağa başlamışdı. “Koroğlu” operası musiqi ictimaiyyəti, tamaşa­çılar, ümumən musiqi sənətimiz və bütovlükdə, mədəniyyətimiz üçün böyük zəfər oldu.

Əslində, bu əsərin meydana çıxması Üzeyir bəyin özü üçün də böyük sınaq idi. 20-ci illərdə Orta Asiya respublikalarında təcrübədən keçirdikləri hiyləgər bir əməli – milli opera və baletlərin qeyri-milli bəstəkarlar tərəfindən yaradılmasnı dəstəkləyən bolşevik rejimi respub­likamıza da Moskvadan tanınmış bəstəkar R.M.Qliyerin göndərilməsini təşkil etdi. Məqsəd onun müəllifliyi ilə Azərbaycanda ilk müasir üslublu operanı “meydana gətirmək” idi. Bu yolla onu Azərbaycan peşəkar musi­qisinin “banisi” kimi qələmə vermək istəyirdilər. Azərbaycanın özündə də bu “sevda”ya dəstək verənlər vardı. Bu sırada maarif komissarı Mustafa Quliyev, müğənni Şövkət Məmmədova və onun yəhudi əri Yaşa Lyubarskinin adlarını çəkmək olar. Ancaq “Koroğlu” operasının yaradılması və böyük uğur qazan­ması bu məkrli niyyətləri alt-üst etdi. Ü.Hacıbəylinin ev muzeyinin ilk direktoru, mərhum Ramazan Xəlilov xatırlayırdı ki, “daloy tar”, “daloy muğam” kimi bolşevik kam­paniyaları keçiriləndə hərdən Üzeyir Hacıbəylinin də adı, əsərləri tənqidə məruz qalırdı. Bu tənqidi yazıların bəzilərinin Şövkət Məmmədovaya məxsus olmasını Üzeyir bəyə deyəndə, o, sakit bir təbəssümlə “bunlar Şövkətin yox, Yaşanın işləridir” deyərdi. Qliyerlə yazışan, onun Bakıya gəlməsini arzulayan və bu gəlişdə özü üçün bir mənsəb qazana biləcəyinə ümid edən Yaşa bu arzularının puç olmasını gördükdə, ailəsini də tərk edərək Bakıdan çıxıb getdi.

R.Qliyer Azərbaycan Opera və Balet Teatrı üçün “Şəhsənəm” opera­sını yazır. Baş rolda Şövkət xanım çı­xış edir. Qliyerin nüfuzu, Azərbaycan hökumətinin yüksək səviyyəli dəstəyi, bir çox ziyalıların da yarınmaq üçün bu kampaniyaya qoşulmaları, əlbəttə, Üzeyir bəyi məyus etməyə bilməzdi. “Koroğlu” operası bu kontekstdə meydana çıxan bütün sualların qəti cavabını vermiş oldu.

1937-ci ildə “Koroğlu” operasının ilk tamaşası olur. Bu premyeranın şa­hidi olan 19 yaşlı Qara Qarayev uzun illər sonra bu hadisəni belə xatırla­yır: “Koroğlu”nun premyerası uğurla keçdi. Bu, sadəcə, furor, böyük uğur, parlaq premyera deyildi. Bu, tamam başqa bir şey idi – sevinc, həyəcan, göz yaşları… Hər bir tamaşaçı, hətta ən cahili belə anlayırdı ki, tale onu xalqının tarixində təkrarolunmaz bir hadisənin şahidi etmişdir. Və bu, həqiqətən, belə idi.”

Bu gün isə biz bu hadisəni təkcə Üzeyir Hacıbəylinin qələbəsi kimi deyil, böyük azərbaycanlının, Azərbaycanın qələbəsi kimi görürük. Əslində isə, bir il sonra – 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında SSRİ-nin rəhbəri İosif Stalinin bu operaya iki dəfə baxması və müəllifi ilə xeyli söhbət etməsi bir daha Azərbaycanın qələbəsi sayılmalı idi.

Yenə Q.Qarayevin xatirələrinə dönürük: “1938-ci ildə Moskvada keçirilən dekada bəstəkarın şöhrətini göylərə ucaltdı. Ü.Hacıbəyli musiqidə, siyasətdə, ictimai dairələrdə, qüdrətli bir şəxs oldu. Eyni zamanda, o, çox səxavətli, sadə bir insan olaraq qalırdı: bütün qohumlarına maddi cəhətdən yardım edir, evinin yaxınlı­ğında yerləşən uşaq evinin hesabına böyük məbləğdə vəsait köçürür, öz hesabına təqaüdlər təyin edirdi.”

Bu xatirələri oxuduqca düşünürük, bəlkə də, dahi bəstəkarın ən böyük həyat amalı bu idi: insanlara kömək, yardım etmək. Deyirlər, səxavət ibadətdən də irəlidir. Əlbəttə, Böyük Allah bu keyfiyyəti hər bəndəyə bəxş etmir. O, Allahın sevdiyi şəxsiyyət idi və bu günə kimi bənzəri yoxdur.

Bu gün Üzeyir Hacıbəylinin adı xalqımızın dilinin əzbəridir. Onun əziz xatirəsi Bakı Musiqi Akade­miyasında, Akademik Dövlət Sim­fonik Orkestrində, məktəblərdə, muzeylərdə, prospekt və küçələrdə, Bakı, Şuşa, Vyana, Gəncə və digər şəhərlərdə ucaldılmış abidələrdə yaşayır. Hər il onun doğum günü – 18 sentyabr – Azərbaycanın unu­dulmaz Prezidenti Heydər Əliyevin fərmanına əsasən, Üzeyir Musiqi Günü möhtəşəm musiqi bayramı kimi qeyd olunur. Onun ölməz əsərləri XXI əsrdə də yeni qüdrətlə dünya teatrla­rının, konsert salonlarının səhnəsini fəth edir. TÜRKSOY-un xətti ilə “Koroğlu” operası Qazaxıstanda, Qırğı­zıstanda, Türkiyədə səhnəyə qoyulur. “Arşın mal alan”ın 100 illiyi Çində, Belarusda, Fransada, ABŞ-da qeyd olunur. Türkiyənin Mersin şəhərində “Koroğlu”, Ankara şəhərində “Leyli və Məcnun” tamaşaya qoyulur. Uzaq Kanadada “Niaqara” festivalı Üzeyir bəyin “Fantaziya”sı ilə açılır… Bu onun halal haqqıdır. O, dünyanın nadir bəstəkarlarından biridir. O, dünyaya Azərbaycanın möhtəşəm musiqisini, gözəlliyini göstərdi. Bizə isə əsl azərbaycanlı kimi düşünməyi, sevməyi öyrətdi.

Azərbaycanın açılan səhəri, bitən gecəsi teleradioda Üzeyir Hacıbəylinin əzəmətli Dövlət Himni ilə müşayiət olunur. Hər səhər o, doğma Vətənini öz ecazkar musiqisi ilə salamlayır. Hər gün onlar görüşürlər – AZƏRBAYCAN və O – BÖYÜK AZƏRBAYCANLI…

Sərdar FƏRƏCOV,
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru

18 Sentyabr 2020 01:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə