Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Birliyinin xətti ilə...

Bakıxanovların sorağı indi də Skandinaviya ölkələrindən gəlir

 Avropa Birliyinin xətti ilə...

Ötən il kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Azərbaycanın görkəmli  şairi, filosofu və tarixçisi Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) ABŞ-da nəşr edilib. Görkəmli alimin  farsca yazdığı və Azərbaycan tarixinə aid ilk ayrıca kitab sayılan "Gülüstani-İrəm"i ingiliscəyə Villem Flur və Kembric Universitetinin doktoru, əslən iranlı olan Həsən Cavadi tərcümə ediblər. 
Bu günlərdə isə xəbər gəldi ki, Bakıxanovlar nəslinin yaradıcılıq ənənəsini uğurla davam etdirən  gənc alim,  bəstəkar Tofiq Bakıxanovun nəvəsi, mərhum şərqşünas alim  Nigar Bakıxanovanın oğlu, Stokholm Dövlət Universitetinin tarix fakültəsinin əməkdaşı, sosiologiya elmləri namizədı Rifat Bakıxanovun elmi əsərləri İsveçdə və Danimarkada böyük maraqla qarşılanmışdır. Bu barədə məlumat verən babası,  Xalq artisti Tofiq Bakıxanov dedi  ki, 1995-ci ildən etibarən İsveçdə yaşayan Rifat Bakıxanov Stokholm Universitetinin tarix fakültəsinin məzunu və həmin ali məktəbin əməkdaşıdır:
– Rifat ötən il universitet rəhbərliyinin elan etdiyi bir müsabiqə barədə məlumat alır və  orada iştirak etmək qərarına gəlir. Elanda bildirilirdi ki, Danimarkada Avropa Birliyinin xətti ilə “Avropa ssenariləri – Skandinaviya perspektivləri” mövzusunda sosiologiya elmləri ilə məşğul olan alimlər və ali məktəb müəllimləri arasında elmi müsabiqə keçirilir. Bu məsələlər üzrə alimlik dərəcəsi almış Rifat Bakıxanov tələb edilən şərtlər əsasında qələmə aldığı “Münasibətlər sferasının normativ-tənqidi yanaşma mövqeyindən icmalı” adlı yazısını Danimarkaya göndərir. Azərbaycanlı gənc alimin elmi məqaləsi  münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilir və o, bütün xərcləri Danimarka hökuməti tərəfindən ödənilməklə, Kopenhagenə dəvət edilir. Stokholmdan gəlmiş azərbaycanlı alim Kopenhagendə müsabiqə qalıbi kimi mükafatlandırılmaqla yanaşı, həm də onun məqaləsi bu yaxınlarda işıq üzü görən “Avropa ssenariləri – Skandinaviya perspektivləri” adlı elmi jurnalda dərc edilir. 
Tofiq müəllim dedi:  “Məni daha çox mütəəssir edən məqam o idi ki, Rifat hələ müsabiqə qalibi olacağını bilmədən, məqalənin əvvəlində  qeyd etmişdi ki, bu elmi qeydləri anam – xarici ali məktəblərdə ingilis və ərəb dillərində mühazirələr oxumuş, çoxsaylı kitab və məqalələr müəllifi, nakam Azərbaycan şərqşünası Nigar Bakıxanovanın xatirəsinə həsr edirəm”. 
Bəstəkar  xüsusilə qeyd etdi ki, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın həyat və fəaliyyəti ilə daim maraqlanması, onlara qayğı göstərməsi diaspor təşkilatlarımızın uğurlarını çoxaldır. Eləcə də, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdəki diaspor təşkilatlarımızla əməkdaşlığın genişləndirilməsi üçün lazım olan bütün addımları atır:   “Mən məmnunam ki, uzun illər ulu babamız Abbasqulu ağa Bakıxanovun səsi-sorağı gələn Avropadan indi Bakıxanovlar nəslinin ən gənc yaradıcı nümayəndəsi olan Rifat Bakıxanovun səsini eşidirik”. 
Qeyd edək ki, Rifat Bakıxanovun Stokholmda işıq üzü görmüş “Milli identiklik – milli mənsubluq duyğusunun yaradılmması və formalaşdırılması prosesi haqqında” adlı kitabının ön səhifələrində isə qeyd edilir ki, “Bu əsər babam, Azərbaycanın Xalq artisti, professor, Prezident təqaüdçüsü Tofiq Bakıxanova həsr edilmişdir”. 
Təkcə öz şəcərəsinə deyil, bütövlükdə, Azərbaycan xalqının adına layiq əməli fəaliyyətlə məşğul olan gənc soydaşımıza yeni-yeni uğurlar arzulayırıq. 

İttifaq MİRZƏBƏYLİ, 
 “Xalq qəzeti”

 

11 Oktyabr 2018 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin