Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Risalə” elmi araşdırmalar jurnalının təqdimatı

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beş topludan ibarət elmi-tədqiqat “Xəmsə”sinə daxil olan “Risalə” elmi araşdır­malar jurnalının növbəti – 2020-ci il üçün birinci nömrəsinin təqdimatı keçi­rildi. Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq bildirdi ki, jurnalın yeni nömrəsi məzmun etibarilə klassik və müasir dünya, o cümlədən Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, folklorşünas­lıq, mətnşünaslıq sahəsindəki araşdırmaları, həmçinin muzeyşünaslıq elminin problemlərini işıqlandıran məqalələri əhatə edib. Jurnalın budəfəki nömrəsi “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi və mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” bölmələrindən ibarətdir.

Jurnalın yeni nömrəsində elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazır­laşan gənc tədqiqatçıların elmi əsərləri yer alıb.

Sonra gənc tədqiqatçılara öz tövsiyələrini verən R.Hüseynov məqalə müəlliflərinə jurna­lın yeni nüsxələrini təqdim etdi.

Qeyd edək ki, yeni nömrədə akademik Ra­fael Hüseynovun “Yolun başlanğıcı – Nizami Muzeyinin ilk “Əmrlər kitabı”ndan görünən birinci ili” məqaləsi bu il 80 illik yubileyini qeyd edən Ədəbiyyat Muzeyinə həsr olu­nub. Eyni zamanda, ayrı-ayrı müəlliflərin “Azərbaycan – qədim multikultural dəyərlər diyarı (Yəhudi milli-mənəvi irsinin qorunma­sı)”, “Ərəb ədəbiyyatı ərəb dilçiliyinin əsas mənbələrindən biridir”, “Sufizmdə şeir və musiqinin qarşılıqlı əlaqələri”, “Genderin postkolonial ədəbiyyatda reprezentasiyası”, “Avropada ingilisdilli Azərbaycan ədəbiyyatı”, “Distopiya dünyası­nın təhkiyədə qurulması”, “XX əsr Azərbaycan ədəbiyyatında müxəmməs janrında yazıl­mış şeirlərin mövzu dairəsi”, “Azərbaycan ədiblərinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəki portretlərinin bərpa tarixi”, “Əliağa Vahidə göndərilən və Əliağa Vahidin göndərdiyi məktublarda dövrün ədəbi mənzərəsinin xüsusiyyətləri”, “Mikayıl Abdul­layevin yaradıcılıq fəaliyyəti və Füzuli irsi” və s. məqalələr Azərbaycan və ingilis dillərində dərc edilib. Müəlliflər dünya, o cümlədən Azərbaycan klassik və müasir ədəbiyyatının, mədəniyyətinin bir sıra aktual, o cümlədən az öyrənilmiş problemlərinə yeni baxış bucağın­dan yanaşıblar.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış elmi toplunun baş redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur. Jurnalın redaksiya heyəti Azərbaycan alimləri ilə yanaşı, Avropa və Asiyanın bir sıra nüfuzlu elmi-tədqiqat müəssisələrinin filoloq və sənətşünas professor və tədqiqatçılarından ibarətdir.

Humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan jurnal beynəlxalq standart seriya nömrəsi (ISSN) ilə çap olunur və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxildir. “Risalə” elmi araşdırmalar jurnalının müstəqil saytı fəaliyyət göstərir, burada jurnalın daha əvvəlki və mü­asir tələblərə cavab verən bütün nömrələrinin elektron arxivi toplanıb. Bu səbəbdən elektron ISSN-i və ROAD indeksi vardır.

Qeyd edək ki, 2004-cü ildən nəşr edilən toplu muzeyin ərsəyə gətirdiyi məcmuələr silsiləsindəndir və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında filologiya (ədəbiyyatşünaslıq) və sənətşünaslıq (muzeyşünaslıq) elm sahələri üzrə yer almaqdadır.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

18 Sentyabr 2020 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə