• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvar – Şəhriyar düzündə parlayan şəhər

Biləsuvar – Şəhriyar düzündə parlayan şəhər

Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Yenicə istifadəyə verilmiş Ələt-Astara-İran sərhədi avtomobil yolu ilə Biləsuvara gedirik. Bu magistral XVI əsrə qədər mövcud olmuş Qədim İpək Yolunun bərpa edilən böyük bir qolu sayılır. Vaxtilə həmin yolla gedən karvanlarda ipək parça, ədviyyat, xalça, pambıq daşınıb. Bu gün ölkəmizdə pambıqçılığın, baramaçılığın inkişafına böyük qayğı var. Bunun bir səbəbi də tarixən dərin köklərə malik olmasıdır.    
Son dərəcə rahat yol bizi tezliklə Biləsuvara çatdırır. Bura gözəl əyalət şəhəri olmaqla bərabər, qədim diyardır. Yadıma düşür ki, Biləsuvarın Əmənkənd kəndinin yetirməsi olan mərhum fəlsəfə elmləri doktoru, professor Ağayar Şükürov həm də dogma yurdun tarixi ilə bağlı dəyərli araşdırmalar aparıb. O yazırdı ki, cənubi Muğanda, Biləsuvar ərazisində iki şəhərin xarabalıqları var. Bunlardan biri qədim Şəhriyar şəhərinin qalıqlarıdır. 1930-40-cı illərdə şor su arxı çəkilərkən ərazidəki yerin altında “gizlənmiş” şəhərin izləri üzə çıxıb. Buradakı Şəhriyar qalasının xarabalığında qədim zamanlarda feodal qəsri yerləşirdi. Qalanın dörd tərəfindən gələn küçələr həmin qəsrə birləşirdi. Küçələrdəsə sənətkarların emalatxanaları, dükanları olub. 
Qələm dostum Bilal Alarlı isə bildirir ki, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Həmid Tağıyev Muğanın Şəhriyar qalası haqqında maraqlı bir əfsanəni yazıya alıb. Əfsanədə deyilir: “Şəhriyar qədim zamanlarda cahcəlallı, böyük bir qala şəhəri olub. Misirdən Çinəcən bir çox məmləkətlərdən tacirlər, karvanlar bu qədim şəhərə axışıb gəlirmiş. Şəhərin adına bəzən “Cəlalabad”, bəzən də “Hüsniabad” deyərmişlər.  
Nə yaxşı ki, bu gün xalqın yaddaşında yaşayan Şəhriyar qalası əfsanəsi artıq gerçəkliyə çevrilir. Gözəl cəlalı olan, hüsnü abadlaşan Biləsuvarın Muğanın mayak şəhəri adlanmağa haqqı çatır. Yüksək zövqlə yaradılmış mərkəzi meydanda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. 65 metrlik ucalıqda Dövlət bayrağımız əzəmətlə dalğalanır. Görünənlər, bütövlükdə, müstəqilliyimizin nailiyyətləri kimi sərgilənir. İndiki Biləsuvarla beş-on il əvvəlkinin arasında  xeyli fərq var. Fərəhli uğurların hamısı məhz ümummilli liderin ideyalarının təcəssümü, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi qayğının təzahürüdür.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Biləsuvar rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib. Olimpiya İdman Kompleksi, Gənclər Evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilib, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa,  Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 25 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. 
Dövlət başçımızın qayğısı digər bölgələrimiz kimi, Muğan rayonlarının, o cümlədən Biləsuvarın da üstündən əskik olmur. Cənab İlham Əliyev on ildə altı dəfə bu rayona səfər edib. Ötən ayın 18-də yenidən Masallı və Biləsuvara səfərə gələn Azərbaycan rəhbəri əvvəlcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran avtomobil yolunun, sonra isə Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad yolunun açılışında iştirak edib. 
Göründüyü kimi, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi prosesi uğurla davam etməkdədir.   Bu cür yolların inşası bölgələrin inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz  hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu göstərir ki, Azərbaycanda sosial layihələr, bütövlükdə, uğurla icra olunur. 
Baxın, 20 minədək əhalinin ­yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən 15,4 kilometrlik yeni  kənd avtomobil yolu artıq istifadədədir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilmiş bu yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb. Qeyd edək ki, dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı sərəncama əsasən, tikilən avtomobil yolu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bölgədə iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq. Artıq Biləsuvar rayonunda kəndlərin təqribən 80 faizini əsaslı təmir edilmiş və ya yeni salınmış yollar birləşdirir.
Akif KAZIMOV, veteran dövlət qulluqçusu:
– Sözügedən yeni yolun açılış mərasimində dövlətimizin başçısını salamlamaq şərəfi mənə nəsib oldu. Ölkəmizdə sosial layihələrin uğurlu icrasına görə Azərbaycan rəhbərinə rayon ictimaiyyəti adından ürəkdən minnətdarlıq elədim. Dedim ki, bütün dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, bu gün Ələt-Astara magistralı kimi nəhəng bir layihənin reallaşdırılması Azərbaycanın gücündən xəbər verir.
Həmin yol regionun şah damarıdır. Həm də, kəndli öz yetişdirdiyi məhsullarını mərkəzi şəhərlərə daha rahat şəkildə, maneəsiz daşıya biləcək. Daim bizim qayğımıza qaldığına, şəhərlərimizi, kəndlərimizi, yollarımızı abadlaşdırdığına, bütün bu işlərə səxavətlə çox böyük vəsaitlər ayırdığına görə cənab İlham Əliyevə ən xoş sözlərimi çatdırdığım üçün özümü xoşbəxt hiss edirəm.   
Dövlətimizin başçısı Biləsuvarda Bayraq Muzeyinin də rəmzi lentini  kəsib. Qürurveici faktdır ki, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. İndi əksər bölgələrimizdə üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. 
Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan ikimərtəbəli muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr,  əskinaslar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli liderin andiçmə mərasimindən fotoşəkillər, ulu öndərin dövlət rəmzləri haqqında kəlamları, ­Prezident İlham Əliyevin andiçmə, Bayraq Meydanının açılışı mərasimlərində çəkilmiş foto-şəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir. Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 65 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan ­Respublikasının gerbi, himni, xəritəsi əks olunub. Məktəb kollektivləri, gənclər muzeyə böyük maraq göstərirlər.
Tarixi səfər zamanı Biləsuvarda Gənclər Evi də qapılarını qonaqların üzünə açıb. Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb.  “Azərbaycan Gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvarda modern üslubda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir. 
İnşasına ötən il başlanılan və bu ilin mayında sona çatdırılan Biləsuvar Gənclər Evinin binası ikimərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet-kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.
Dövlətimizin başçısı özünün çoxşaxəli fəaliyyətində gənclərin  cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına da mühüm önəm verir. Bizim intellektual və yaradıcı potensialımızın üzə çıxarılması, xüsusilə, regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramların həyata keçirilməsi sevindiricidir. Biləsuvarda bizim ixtiyarımıza verilən bu müasir, yaraşıqlı memarlıq abidəsinin də sevimli bir ünvana çevriləcəyi şübhəsizdir. Çünki burada vaxtı səmərəli keçirmək üçün hər cür şərait yaradılıb.
Nəhayət, onu da qeyd edək ki, Prezident İlham Əliyev Biləsuvara səfərindən dərhal sonra bu rayonun daha da gözəlləşəməsinə xidmət edən üç sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən, ­Ələt–­Astara–İran–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Prezidentin ehtiyat fondundan  Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon, eyni zamanda,  Biləsuvar şəhərində istismar müddəti başa çatmış  çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Bundan başqa, Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılmasına rəsmi göstəriş verilib.
Bəli, bir zamanlar yerində qədim Şəhriyar qalasının ucaldığı Biləsuvar günbəgün tərəqqi etməkdə, göz-könül oxşamaqdadır.

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

11 Oktyabr 2018 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin