Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mollanəsrəddinçilik məfkurəsinin tədqiqinə yeni töhfə

Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədlinin “Mollanəsrəddinçilik və milli ideya” monoqrafiyası ölkəmizdə işıq üzü görən yeni nəşrlər sırasında aktuallığı və elmi-nəzəri səviyyəsi ilə xüsusi maraq doğurub.  Tanınmış jurnalistika alimi azərbaycançılıq ideologiyasının önəmli tarixi qaynaqlarından sayılan mollanəsrəddinçilik məfkurəsinin tədqiqi ilə bağlı növbəti əsərini bu təlimin iderya rəhbəri və cəfakeşi, böyük ədib və mütəfəkkir Cəlil Məmmədquluzadənin 150  və  yetirməsi olduğu Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edib.  

Müəllif, eyni zamanda, yeni tədqiqatnı BDU-nun başqa bir məzunu, Cəlil Məmmədquluzadə şəxsiyyətinə və mollanəsrəddinçilik məfkurəsinə dərin sədaqətlə uzun illər Naxçıvan mətbuatında calışmış və nüfuzlu qələm sahibi kimi tanınmış, ilk ustadı olan atası Məhərrəm Allahverdioglunun ruhu qarşısında hesabat olaraq ərsəyə gətirib. 

Nəhayət, dərs vəsaiti kimi təqdim olunan kitabda Azərbaycan klassik ədəbiyyatının və jurnalistikasının inkişafında, milli ideyanın dövlətçiliyin bərpasına yönləndirilməsində tarixi rolu olan “Molla Nəsrəddin” ədəbi məktəbinin məfkurəvi fəaliyyəti azərbaycançılıq təliminin təşəkkülü müstəvisində geniş öyrənilib. Monoqrafiyada XX əsrin əvvəllərində istiqlal mübarizəsi ətrafında cəmləşmiş milli ədəbi qüvvələrin yaradıcılığında aparıcı yön təşkil edən Vətənə, xalqa, ana dilinə sevgi, onların mədəni tərəqqi, ictimai azadlıq  və müstəqillik uğrunda mübarizəsi mövzuları əhatəli təhlilə cəlb edilmişdir.

Dərs vəsaitində elmi araşdırmalar və ümumiləşdirmələr nəticəsində ortaya qoyulan müddəalar və nəticələr ədəbiyyatşünaslığa, jurnlistika tarixi və nəzəriyyəsinə dair tədqiqat əsərlərində, filologiya və jurnalistika üzrə təhsilin müvafiq proqramlarında istifadə üçün zəngin bilgi verir. Elmi redaktorları akademik İsa Həbibbəyli və professor Cahangir Məmmədli, rəyçisi professor Asif Rüstəmli olan tədqiqat xüsusi kurs kimi də tədris edilə bilər.

Xatırladaq ki, Əməkdar jurnalist Allahverdi Məmmədli ölkə jurnalistikasının inkişafında seçilən xidməti olan qələm sahiblərindən və milli mətbuatımızın nüfuzlu  tədqiqatçılarındandır. Onun xarici ölkələrin və respublikanın dövrü və elmi nəşrlərində dərc edilmiş çoxsaylı məqalələri və beynəlxalq statuslu elmi məclislərdə cıxışları həmişə böyük maraq doğurub.

Yeni kitab bir daha təsdiq edir ki, “Molla Nəsrəddin” jurnalının indiyə qədərki tədqiqatlar fonunda, milli ideya bucağından dərin təhlilə cəlb edilməsinin əsaslarını yaradan və inkişaf etdirən alim bu sahədəki növbəti tədqiqatı ilə azərbaycanşünaslığa töhfələrini uğurla  davam etdirir. Allahverdi Məmmədli bu silsilədən 6 kitabın müəllifidir.

Namiq Qədimoğlu,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

17 Sentyabr 2020 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə