Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK Beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Kon­federasiyası (AHİK) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına Livandan etnik ermənilərin köçürülməsi ilə əlaqədar beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət ünvanlayıb. AHİK-in mətbuat xidmətinin AZƏRTAC-a ünvanladığı həmin müraciətdə deyilir:

– Ötən əsrin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Erməni silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçərək ona qarşı kütləvi qırğın, soyqırımı törədib.

Ermənistan Respublikası özünün məkrli niyyətlərini davam etdirmək məqsədilə xarici ölkələrdən gələn erməniləri zəbt olunmuş ərazilərdə yerləşdirir və Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni surətdə öz xeyirlərinə dəyişmək istəyir.

Ermənistan tərəfi uzun müddətdir ki, Suriyadan etnik erməniləri işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara köçürür. İndi bu prosesə Livandan olan ermənilərin köçürülməsi də əlavə edilib. Beyrutda baş verən partlayışdan sonra Livandan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi intensiv xarakter almaqdadır.

Müraciətdə daha sonra bildirilir:

–Beyrutdakı partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərinə – hazırda hərbi işğal altında olan Dağlıq Qarabağa və ətraf bölgələrə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır.

Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır: təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvonu möhkəmləndirməyə çalışır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını bildirir, işğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyətə, o cümlədən qanunsuz məskunlaşdırmaya son qoyulmasını tələb edir.

Müraciət bu sözlərlə bitir: “Hesab edirik ki, Beynəlxalq həmkarlar ittifaqları təşkilatları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə məlumatlıdır. Ümidvarıq ki, tərkibində uzun illər fəaliyyət göstərdiyimiz bu beynəlxalq qurumlar Ermənistanın Dağlıq Qarabağ ərazisində süni şəkildə demoqrafik vəziyyəti dəyişmək siyasətinin əsl mahiyyətinin nədən ibarət olduğunu və bunun dayandırılması barədə Azərbaycanın haqlı tələbinin yerinə yetirilməsi üçün ədaləti mövqe sərgiləyəcək, problemin həlli ilə əlaqədar BMT-nin və beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsi üçün müvafiq təşkilatlar qarşısında tələblər irəli sürəcəklər”.

17 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə