Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni faşizminin cinayətkar əməlləri cəzasız qalmamalıdır

Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın, təxminən, 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırı­mı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dövlətimizin başçısı sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi bu fikirlərlə xain xislətli nankor ermənilərin zaman-zaman başımıza gətirdiyi faciələrə diqqəti cəlb etmişdir. Tarixi faktlar göstərir ki, ötən əsrin əvvəllərində, eləcə də 90-cı illərdə biz erməni faşizminin yırtıcı simasını dəfələrlə görmüş və bundan olmazın əziyyətlər çəkmişik. Məlum havadarlarının aşkar və gizli dəstəyindən ruhlanaraq quduzlaşan ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər.

Hələ 1918-ci ilin yazında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində Şamaxı, Quba, Xaç­maz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən, o zaman soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Təsadüfi deyil ki, faciələrin unu­dulmaması üçün ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Ötən əsrin sonlarında başlanan Dağlıq Qarabağ münaqişəsi, mux­tar vilayətə daxil olan beş rayonun, eləcə də yeddi ətraf rayonun işğalı, Xocalı faciəsi kimi insanlığa sığma­yan faşizm aktları hələ də qan sızan yaralarımız kimi qövr etməkdədir.

...1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus hərbi qüvvələri Xocalı şəhərini zəbt ediblər. Düşmən əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali Ağdam rayonuna çatmaq ümidi ilə oranı tərk etməli olub. Ancaq bu istək baş tutmayıb. Şəhəri yerlə-yeksan etmiş erməni silahlıları və sovet ordusundan qalan 366-cı motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib , 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Dövlətin və əhalinin əmlakına həmin dövrə aid olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulub.

Xocalıdan əvvəl və sonra da əzəli torpaqlarımızda ermənilər tərəfindən neçə-neçə faciə törədilib. Biz onları da unutmamalı və amansız vəhşilik faktları kimi daim beynəlxalq təşkilatların qarşısına qoymalıyıq. Bir daha yada salaq.

...1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevra­lın 12-də isə Malıbəyli kəndi işğal edilərək yandırılıb. Azərbaycan bölmələrinin "Daşaltı əməliyyatı" adlanan əməliyyatı 1992-ci il yanva­rın 25-də gecə başlanıb və uğursuz­luqla nəticələnib. Əməliyyat sirrinin yayılması nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan döyüşçülərimiz düşmənin pusqusuna düşüb. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılır. Daşaltıda təxminən 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düş­düyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə hadisə yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soy­daşımızın meyiti tapılmayıb, əsirlər qaytarılmayıb.

...Həmin il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə də 366-cı motoatıcı alayın texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonun­cu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Biri qadın olmaqla 14 nəfər həyatını itirib. Silah-sursatı tükənən soydaşlarımız sonda əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb. Kəndin Bəylik bağı adlanan yerində 23 sakini erməni cəlladları güllələyib, yaralılar diri-diri silos quyusu­na tökülərək üstləri torpaqlanıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb və nümayişkəranə şəkildə güllələnib. Girovluqda olan 8 nəfər kənd sakini işgəncələrlə qətlə yetirilib. Ümumiyyətlə, kəndin 77 sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qurtul­duqdan sonra ermənilərin verdiyi hədsiz zülmlərin nəticəsi olaraq vəfat edib.

...1992-ci il mayın ilk günlərindən Şuşanı əsas hədəf götürən ermənilər oraya hücum əməliyyatını məxfi ola­raq “Dağlarda toy” adlandırmışdılar. Mayın 6-da ermənilər Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini tam mühasirəyə salmaq istəyirdilər. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandan­lığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 metr yüksəklikdə yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semyonov, Yelena Bonner, Baronessa Koks, eləcə də “Ümumdünya xristian həmrəyliyi” və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri xüsusi yer almışdı­lar. Fasiləsiz raket zərbələrindən vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Azsaylı döyüşçülərimizsə komandanlıq tərəfindən hücum tapşı­rığı verilmədiyindən yalnız müdafiə mövqeyində dayanırdılar. Mühasirəni yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün canlı qüvvə və texnika da çatışmırdı.

Mayın 8-9-da Şuşa şəhəri ermənilər tərəfindən işğal olundu. İn­tensiv döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Çoxlu sayda maddi və tarixi-mədəni abidələr məhv edildi. İndi Şuşada ermənilər xaricdən gətirilən həmsoylarını məskunlaşdırırlar.

...Şuşadan doqquz gün sonra Laçın işğal edilib. Burada 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib, kütləvi talanlar olub və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

...Qətliamlardan biri də 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə baş vermiş Ballıqaya faciəsidir. Erməni quldurları Laçından qaçqın düşən və Goranboyun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Öldürülənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yan­dırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib.

Ballıqaya qətliamı zamanı erməni quldurları 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirərək yandırıblar. Bərdə rayonunda olan ailə başçısı Vəzir Hümbətovun söylədikləri: "Hadisə baş verən gün mən Bərdə rayonunda idim, ailəmiz isə Ballı­qayada. Ora qayıdanda gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum nə olub? Dedilər ermənilər dinc sakinləri qətlə yetiriblər. Əraziyə çatanda bizim daxalın (qamışdan düzəldilmiş daxma) odlandığını, 6 uşağım və yoldaşımın yandırıldığını gördüm. Daxal yanaraq cəsədlərin üstünə tökülmüşdü. Orada 7 alaçıq var idi. Alaçıqlardakıların da hamısını güllələmişdilər. Həmin qətliamda öldürülən sakinlərin hamısı yaxın qohumlarım idi”.

...Əlçatmaz, ünyetməz Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğala məruz qalıb. Rayonun əhalisi kənardan köməksiz şəkildə mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün Murovdağın bəzi yerlərinə qurşaqdan yuxarı qar yağ­mışdı. Rayon əhalisi uşaqları, qoca və xəstələri necə xilas etmək yolunu bilmirdi. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürüblər, bir neçə yüzünü əsir götürüblər. Onlar rayonu talan edib, yandırıblar. Rayon ərazisində olan tarixi-memarlıq abidələri, qədim binalar, evlər dağı­dılıb.

...Hələ Kəlbəcərin işğalından bir il öncə erməni faşistləri tərəfindən törədilmiş Ağdaban faciəsi də təcavüzün ən qanlı səhifələrindəndir. İnsanlığa sığmayan vəhşiliklərin törədildiyi bu kənddə kütləvi qırğın törədilib. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqları­na sığmayacaq səviyyədə soyqırımı­na "imza” atılıb. Rayonun işğalı za­manı ermənilər ikinci dəfə Ağdabanı oda qalayıb, viranəyə döndəriblər. Qızlar əsir düşməmək üçün özlərini qayadan atıblar. Erməni qəsbkarları bir gecədə bir kəndi Yer üzündən siliblər. Tək bu kənddə törədilənlərlə bağlı Ermənistana qarşı xeyli sayda cinayət işinin yönəldilməsi və bu istiqamətdə işğalçı dövlətin beynəlxalq tribu­nallarda ittiham edilməsi onların iç üzünün, saxta, yalançı diploma­tiyasının faş olunmasının və uzun illərdən bəri yaratdıqları "məzlum" maskalarının yırtılmasının əsl səhnəsi olardı.

...Ermənilərin xalqımıza qarşı törətdiyi amansız vəhşiliklərdən biri də Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində törədilib. İşğala baxmaya­raq doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin onlar cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıla­rın gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zama­nı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Onlar II Dünya müharibəsinin veteranı Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstə Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə aclıq-susuzluq çəkiblər. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə bilib. Amma bir nəfər – I və II Dünya müharibəsi iştirakçı­sı Ələsgər Ələsgərov doğma yurdu tərk etməyərək Başlıbeldə qalıb. O, bugünədək itkin sayılır və haqqında hər hansı məlumat yoxdur.

Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyəsi haqqında" Paris Konven­siyasının müddəalarını pozaraq işğal etdiyi bütün torpaqlarımızda mədəni sərvətlərimizi talayıb. Xocavənd, Malıbəyli, Xocalı, Ballıqaya, Ağda­ban, Başlıbel faciələri isə törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiya­nın müddəalarına tam uyğundur. Ona görə də bu faciələr beynəlxalq hüquq əsasında birmənalı olaraq soyqırımı cinayəti aktı kimi qiymətləndirilməli və dinc əhaliyə qarşı törədilən qırğınların hamısı soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

Bugünədək cəzasız qalan ermənilər yenə də Azərbaycanın üstünə diş qıcadır, sülh danışıqla­rından hər vasitə ilə yayınır, yeni əraziləri işğal etməklə bağlı sərsəm bəyanatlar səsləndirir, beləliklə də çoxdan aləmə faş olan faşist xislətlərini bir daha göstərirlər. Cinayət cəzasız qaldıqca faşizm daha da “ürəklənir”. İnanırıq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qəhrəmanlığı sayəsində düşmən tezliklə layiqli cəzasını alacaq.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

17 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə