Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”

“Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər...” Bu fikirləri dövlət başçımız yeni dərs ilinin baş­lanması və Bilik Günü münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirib.

"Bu il yeni dərs ili yeni şəraitdə, pandemi­ya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür..." – deyə müraciətinə başlayan ölkə Prezidenti sonra ötən 6-7 aylıq çətin, məsuliyyətli bir dövrdə, sınaq dövrü adlandıra biləcəyimiz müddətdə görülən işlərə, atılan addımlara toxunur və bundan sonra görüləcək işlər haqqında danışaraq qeyd edir ki, bu il ümumlikdə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq Bilik Gününə hazır vəziyyətə gətirilib. Həmçinin, bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Eyni zamanda, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür, ümumlikdə Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunur.

Bununla yanaşı, bu il modul tipli 60 məktəbin tikintisi təmin ediləcək. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bütövlükdə, son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, ölkə Prezidentinin də dediyi kimi, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb və yenidən inşa edilib. Bunlar, əlbəttə ku, böyük, tarixi işlər, addım­lardır. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin heç birinin belə qısa bir müddətdə nail ola bilmədiyi, bilməyəcəyi bir göstəricidir. Bunlar Prezident İlham Əliyev siyasətinin, onun ən yaxın və ən sadiq silahdaşı – Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə Prezidenti ilə gecə-gündüz Azərbaycan naminə birgə fədakarlığının bəhrəsidir!

Cənab Prezident müraciətində daha sonra deyir: "...Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük – gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiya­larla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı in­formasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda, Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəkdir".

Qeyd etdiyimiz kimi, qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir azərbaycanlının, vətəndaşı olmağa çalışan milyonların ürəyindən olan sözlər, çağırışlar, ölkə Prezi­dentinin bütün çıxışlarında, xüsusilə, təhsil sferası ilə bağlı təbdirlərdəki nitqlərində qırmızı xətlərlə keçən müdrik kəlamlardır. Bir müddət öncə, ötən il – BDU-nun 100 illiyində dilə gətirilmiş möhtəşəm tarixi fikirlərin, çağırışların daha da gücləndirilmiş, zənginləşdirilmiş əksi, inikasıdır. Bəli, gözəl, bütün standartlara cavab verən modern məktəb, təhsil binaları, ocaqları ola bilər, lazımlıdır, olduqca vacibdir, ancaq onlardan vacib olanı məzmun, mahiyyət, yetişdirilən, böyüdülən nəsil, gələcək, sabahdır.

Burada forma ilə məzmun, zahiri görünüşlə daxili aləm uzlaşmalı, bir-birini tamamlamalıdır, biri digərindən geri qalmamalıdır. Çünki bizi inki­şafa, tərəqqiyə, parlaq sabahlara və işıqlı gələcəyə aparmağa, görülmüş misilsiz tarixi işləri qoruma­ğa və yaşatmağa ancaq və ancaq savadlı, bilikli, geniş, müsair dünyagörüşlü, ən əsası kökünə, dəyərlərinə, əxlaqi keyfiyyətlərinə, mənəviyyatına bağlı gələcək nəsil, böyüməkdə, yetişməkdə olan gənclik qadir və nail ola bilər. Əks halda... Bunun əksini düşünmək belə istəməzdim və inşallah, əksi də olmayacaq. Görülən işlər, çəkilən zəhmətlər hədər getməyəcək, estafet daha etibarlı əllərə veriləcək və sükan daha etibarlı əllərdə olacaq.

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, professor

17 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə