Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirə bilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə videoformatda müraciət ünvanlamışdır. Məlumdur ki, yeni dərs ili pandemiya dövründə başlayıb. İndi əsas məqsəd Azərbaycan xalqını bu bəladan qorumaqdır. Dövlətimizin başçısının müraciətində səslənən dəyərli fikirlər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissilə qarşılanmışdır. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə bağlı müraciətini böyük ma­raqla dinləmişəm. Cənab İlham Əliyev müəllim, tələbə və şagirdlərə müraciətində vurğulamışdır: “Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalar­da yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanır­lar, olimpiadaların qalibləri olurlar”.

Bəli, bu bir reallıqdır ki, son illər ərzində xal­qımızın müdrik lideri İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə yüksək peşəkar kadrlar hazırlanmışdır və bu proses uğurla davam etdirilir. Çağdaş dünyada yalnız elmi, təhsili yüksək səviyyədə inkişaf etdirməklə irəli getmək olar. Fikrimcə, Azərbaycanın son illərdəki parlaq uğurları məhz bu sahəyə yüksək diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Yeni dərs ilinin başlanması münasibətilə bütün müəllim, tələbə və şagirdləri təbrik edirəm. Şagird və tələbələrə zehin açıqlığı, tükənməz enerji, müəllimlərə isə bol səbir arzu edirəm. Pandemiya ilə əlaqədar icra olunan yeni sistem ənənəvi tədris proqramından fərqli olduğu üçün bu il müəllimlərimizə daha çox yük düşür. Bunu anlayaraq, müəllim-valideyn-şagird üçbucağını düzgün qurub, bir-birimizə yardımçı olaq. Çünki, çəkilən bütün zəhmətlər uşaqlarımızın gələcəyinin daha parlaq, daha təminatlı olmasına xidmət edir.

Dövlətimizin gələcək fəaliyyətində öz töhfəsini layiqincə vermək üçün övladlarımızın təhsildən geri qalmamasına xüsusi diqqət və qay­ğıyla yanaşan ölkə başçımız cənab İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir valideyn olaraq dərin minnətdarlığımı bildirirəm.

Qeyd etmək istəyirəm ki, bu il yeni tədris ilinin başlanması bizim ailədə bir başqa sevinclə qarşılanıb. Çunki evimizin sonbeşiyi Kamal “birincilər” sırasına qatılıb, çantasını kürəyindən asaraq məktəbə gedibdir.

Söhbəti qələmə aldı: M.HACIXANLI,“Xalq qəzeti”

17 2020 00:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə