Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentimiz gənclərimizi həm bilikli, həm də vətənpərvər olmağa çağırır

İki gün əvvəl Azərbaycanda yeni dərs ili başlandı. Amma bir qədər fərqli başlandı, dərs ili dünyanı cənginə almış amansız pandemiya dövrünə düşüb. Elə Azərbaycan Prezidenti İlham Əliyev də yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə müəllimlərə, tələbələrə və şagirdlərə müraciətində bunu xüsusi qeyd edərək bildirdi ki, bu il yeni dərs ili yeni şəraitdə, pandemi­ya dövründə başlayır. Buna görə də yeni dərs ili yeni formatda təşkil edilir. Məqsəd isə ondan ibarətdir ki, Azərbaycan xalqını, eləcə də gənc nəsli – tələbələri, şagirdləri koronavirus bəlasından qorumaq mümkün olsun. Azərbaycan Prezidentinin müraciətində çox ciddi məqamlara toxunulduğunu bildirən ADNSU-nun dekanı Naməd Paşayev dedi:

– Dövlət başçısı ilk növbədə qeyd etdi ki, hazırkı pandemiya şəraitində qarşıda duran əsas vəzifə xalqı qorumaqdır. Bu, hər şeydən vacibdir. Bununla yanaşı, pandemiya iqtisadiy­yata, eləcə də təhsilə özünün mənfi təsirlərini göstərib. Ancaq Prezidentin qeyd etdiyi kimi, dövlət səviyyəsində görülmüş tədbirlər nəticəsində pan­demiyanın təhsilə vurduğu fəsadların böyük hissəsi aradan qaldırılıb.

Ölkə rəhbəri pandemiyaya qarşı mübarizə ilə bərabər ölkədə orta və ali məktəblərin yeni binalarının və korpuslarının tikintisinin davam etdirildiyini də vurğulayıb. Qeyd edib ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik gününə hazır vəziyyətə gətirilib. Bir neçə məktəbin açılışı bu ilin sonuna nəzərdə tutulur. İnşası başa çatmış 147 məktəbdən 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Son 17 ildə Azərbaycanda yeni məktəb tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunub.

Prezident İlham Əliyev ali məktəblərin yeni korpuslarının tikilməsi barədə danışaraq bildirib ki, iyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin, sentyabr ayında Azərbaycan Dövlət İqtisad Universite­tinin yeni tədris korpusları istifadəyə verilib. Bundan başqa, ADA-nın yeni iki korpusu istifadəyə verilib. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəni əhatə edən yeni korpusları tikilib və bu istiqamətə böyük məbləğdə vəsait ayrılıb. Azərbaycan Prezi­denti deyib: “Təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olu­nub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır”.

Dövlət başçısı gənclərimizi biliklərə səylə yiyələnməyə çağıra­raq deyib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə baxın. Onlar nəyin he­sabına inkişaf etmiş ölkələr olublar? Məhz biliyin, savadın, texnologiyala­rın hesabına. Prezident İlham Əliyev gənclərimizin biliklərə çox meyilli olduğunu qeyd edib. Eyni zaman­da, onlara vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında böyüməyi, yaşamağı tövsiyə edib.

Hesab edirik ki, Azərbaycan lide­rinin bu fikirləri biz müəllimlər üçün də proqram xarakteri daşıyır. Biz də gündəlik fəaliyyətimizdə Prezi­dentin irəli sürdüyü tezisləri həyata keçirməliyik.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

17 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə