Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbədiyaşar düha

18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür

Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.

Heydər ƏLİYEV
Ümummilli lider


Onun həyatı və sənəti haqqında çox yazılıb. Cild-cild kitablar, ensiklopediya­lar, tədqiqat əsərləri, biblioqrafik məlumat kitabları nəşr edilib. Öz əsərləri isə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində çap olunub. O, xalqımızın mənəvi simasıdır. Musiqi əsərləri neçə illərdir ki, dün­yanın məşhur konsert salonlarında səslənır, opera teatrlarında tamaşaya qoyulur.

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümum­milli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi rəğbəti vardı .

Böyük öndərin, Ü. Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu gün də yaddaşlarda yaşayır. Bənzərsiz natiq olan Heydər Əliyev Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etmişdi ki, onun nutqi musiqişünas alimlərdə dərin təəssürat yaratmışdı. O, dahi şəxsiyyətin publisistikasın­dan, dramaturgiyasından, pedaqoji fəaliyyətindən, alimlik istedadından, Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək dinləyiciləri valeh etmişdi. Heydər Əliyev həmçinin Ü.Hacıbəylinin operalarından, operet­talarından, digər musiqi əsərlərindən danışdı, onun üç hakimiyyətin – çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər dövründə yaşadığını qeyd etmiş, onun vətənpərvərliyini xüsusi vurğulamış­dır. Bu barədə Heydər Əliyev demiş­dir: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artır­malıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.

Üzeyir bəy Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan ümummilli liderimizə jurnalistlər "sizin ən sevimli bəstəkarınız kimdir?” sualını verəndə Heydər Əliyev tərəddüd etmədən "Üzeyir Hacıbəyov” – demişdi.

Bu gün böyük iftixarla yad etdi­yimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni ya­naşma yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Üzeyir Hacıbəyli Şərqdə opera janrının banisi kimi tanınan sənətkardır. Məhz onun böyük istedadı sayəsində Azərbaycan milli opera sənətinin tarixi “Leyli və Məcnun” operası ilə başladı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabs­ki çıxış edib.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sıra­sında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatr­larında dəfələrlə göstərilib.

Şərqdə ilk operetta janrının ya­ranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakı­da olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb.

Dahi Üzeyir bəy Hacıbəyli hələ 1910-cu ildə özünün nəşr etdiyi "Həqiqət” qəzetində belə yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olma­yıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yara­nıblar. Bu cür adamlar nəinki sağlığın­da, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”. O özü bu xalqa böyük töhfələr verdi, Azərbaycanda professional musiqi sənətinin əsasını qoydu, əsərləri əsasında qiymətli filmlər yaradıldı. “Arşın mal alan” filmi SSRİ Dövlət mükafatına layiq görüldü.

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix hər bir azərbaycanlı üçün bayram təqvimidir. Mən hər il Musiqi Akademiyası qarşısında həmin bay­ramın təntənəli açılış mərasimində iştirak etmişəm. Elə bölgələrimizdə də həmin gün Üzeyir musiqi günü beləcə bayram edilir.

Görkəmli bəstəkarın anadan ol­duğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Fes­tivalının açılışı ilə əlamətdar olurdu. Dünyanın bir çox ölkələrində görkəmli bəstəkarlar Bakıya toplaşırdı. Heydər Əliyev Fondunun və Mədəniyyət Na­zirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın 18-də açıq elan edilir və 10 gün davam edirdi.

Bəli, belə insanlar dünyalarını dəyişdikdən sonra da öz əməlləri ilə doğma Vətənə, sevimli xalqımıza uğur və şərəf gətirirlər. Belə dahiləri olan millət böyükdür, xoşbəxtdir, yenilməzdir. Bu gün onun adına xüsusi mükafatlar təsis edilmişdir.

Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xa­nım Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilənlər arasındadır. Bəstəkarlar İttifaqı Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsi məhz Mehriban xanım Əliyevaya təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci mu­ğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılı­ğına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin qiymətli nümunəsi olan “Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Həmin gün Üzeyir bəy yenidən xatırlanır, böyük tədbirlər keçirilir, əsərləri əsasında çəkilmiş kino əsərləri və onun həyat və yaradıcılıq yoluna həsr olunmuş “Uzun ömrün akkordlari” filmi nümayiş etdirilir.

Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudul­maz şəxsiyyət 300-dən çox xalq mah­nısını nota salıb, marş, kantata, fanta­ziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.

Bütün varlığı ilə bu xalqa, bu tor­pağa bağlı olan Üzeyir bəyin xatirəsi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Nazim KAZIMOV,
Əməkdar incəsənət xadimi,professor

17 2020 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə