Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi pandemiya şəraitində səmərəli fəaliyyətini davam etdirir

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz son 17 ildə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli oldu­ğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşı­malarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Bu gün marşrut Çin- Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub- Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartla­ra cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonun­da tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

Onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrast­rukturu yaratmaqla mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı da genişləndirir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü isə nəqliyyat sahəsində yeni imkanlar açmaqla ya­naşı, ticarəti, turizmi, xalqlar arasın­da təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Bir müddət bundan əvvəl Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna üzv ölkələrinə nəqliyyat koridoru vasitəsilə Asiyadan Avropaya pandemiya dövrünün çətinliklərinə bax­mayaraq, daşımalarda lazımi şəraitin yaradılması ön plana çıxıb. Əlbəttə, nəqliyyat sahəsi çox önəmli sektordur. Məlum olduğu kimi, xüsusilə karantin rejimində aviauçuşların dayandırılması, sərhədlərin bağlanılması həm əhalinin məşğuliyyətinə, həm də iqtisadiyya­tın fəaliyyətinə ciddi zərbə vurub. Bu iqtisadi tənəzzülün qarşısının alınması və eyni zamanda, daşımalar vasitəsilə zəruri malların, ərzaq və enerji daşı­malarının sərhədlərdən rahat şəkildə keçidini təmin etməklə ölkələr çox fəal və dinamik rol oynamaqdadırlar.

Azərbaycanın sədrliyi ilə Türkdil­li Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında bu il may ayının əvvəlində videokonfrans keçirilib. Videokonf­ransda pandemiya dövründə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün sözügedən dəhlizə üzv dövlətlər tərəfindən lazımi praktik tədbirlərin müzakirəsi aparılıb. Qeyd olunan praktik tədbirlərə yükdaşımaların asanlaşdırıl­ması istiqamətində müvafiq tədbirlərin görülməsi, eyni zamanda, humanitar və zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşın­larının sərhəd-nəzarət məntəqələrindən keçidinin asanlaşdırılması üçün praktik kömək göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparıl­ması daxildir. Həmçinin pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika­nın səmərəli əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradıl­ması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca tərəflər arasında təmassız xarici ticarət və multimo­dal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.

Bütün bunlarla bərabər, postpan­demiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər də səsləndirilib. Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib. Özbəkistan tərəfi isə Daşkənd- Karakalpakiya–Aktau–Bakı–Tbilisi– Qars–İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in səmərəliliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun pandemiya şəraitində səmərəliliyinin daha da artırılması daim diqqət mərkəzində saxlanılıb. Bu ilin iyun ayında ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlan­tıların təşviqi” layihəsinin ikinci faza­sının onlayn təqdimatının keçirilməsi də bunu bariz ifadəsidir. Həmin təqdimatda ticarət məsələlərinin daha da asanlaşdırılması, mövcud maneələrin aradan qaldırılması, sözügedən layihəyə struktur yanaşma və digər mövzularda fikir mübadiləsi aparılıb.

Müzakirələrdə bildirilib ki, ticarətin və tranzitin inkişafına ciddi təkan verəcək layihənin birinci mərhələsi ilə bağlı texniki iqtisadi əsaslandırma aparılıb, həmçinin kommersiya müstəvisində rəqəmsal ticarət platfor­masının qurulmasına dair ümumi baxış formalaşdırılıb. Bütün sadalananların reallaşması üçün işçi qrup yaradılıb və iclasda sözügedən layihənin ticarətin rəqəmsallaşdırılması ilə yanaşı, digər sahələrin inkişafına da öz töhfəsini verəcəyi əminliyi ifadə edilib.

Layihənin ikinci fazasının icra­sı çərçivəsində Bakı, Aktau, Kurık, Türkmənbaşı limanlarını və Xəzər üzərindən keçən nəqliyyat dəhlizlərini birləşdirəcək vahid rəqəmsal platforma­nın təsis edilməsi üçün yol xəritəsinin hazırlanması məqsədilə müvafiq konsaltinq şirkətləri ilə hazırda fikir mübadiləsi aparılır.

Bu il sentyabrın 10-da isə Çinin şərqindəki Cıcian vilayətinin Cinhua şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu üzrə yola çıxan ilk yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil olmaqla müxtəlif növ mallar yüklənmiş yüz konteynerdən ibarət qatar Qazaxıs­tanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.

Cıcian vilayətindəki beynəlxalq nəqliyyat şirkətinin baş direktoru Çian Yon mətbuata bildirib ki, bu marşrut­la yüklərin daşınması ənənəvi quru yolu-dəniz nəqliyyatı ilə müqayisədə daha az vaxt ərzində reallaşacaq. İlkin mərhələdə marşrut üzrə ayda 1-2 qata­rın yola salınması nəzərdə tutulsa da, gələcəkdə qatarların sayı artırılacaq.

“Xalq qəzeti”

17 2020 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə