Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunun aliliyinin təmin edilməsi prioritet vəzifədir

Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahat­ların aparılmasında uğurlar qazanacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza sahib olması, mövqeyinin getdikcə möhkəmləndirilməsi və dünya birliyində söz sahibinə çevrilməsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin bariz nümunəsidir. Son illər Azərbaycan Respublikası dünya­da sabitlik adası kimi tanınır. Məhz bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Bu, ölkəmizə dünya birliyində olan inam və etimadın göstəricisidir. Dünyada baş verən siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla addımlayır, iri infrastruktur layihələrinin real­laşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması, əhalinin sağlam­lığının qorunması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər və qəbul edilən qərarlarla yeni inkişaf modeli nümayiş etdirir.

Bəşəriyyətin başı üzərini koronavirus pandemiyası alarkən, şahidi olduq ki, dünya bu virusa qarşı mübarizəyə tam hazır deyil. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan Respublikası pande­miyadan ən az zərər çəkən ölkələr sırasındadır. Ölkəmiz koronavirusdan əziyyət çəkən 30- dan çox dövlətə humanitar yardım göstərmiş və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etmişdir. Dövlət başçımızın təşəbbüsü ilə COVID- 19-la mübarizəyə həsr olunmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videokonfrans şəkilində zirvə görüşlərinin keçirilməsi, həmçinin BMT Baş Assambleyasının koro­navirusla mübarizə ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi barədə təklifin 130- dan çox ölkə tərəfindən dəstəklənməsi, xüsusi sessiyanın öz işinə başlaması möhtərəm Prezi­dentimizin dünyadakı nüfuzunun göstəricisidir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qa­lan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli müdrik dövlətçilik siyasəti və düşünülmüş idarəetmə fəaliyyəti nəticəsində respublikamızın bütün sahələrdə tərəqqiyə, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə, əməkdaşlığının genişləndirilməsinə, iqtisadi qüdrətinin artırılmasına nail olunub. Son illər uğurla həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculu­ğu istiqamətində əsaslı dönüş yaradıb.

Sosial ədalət və demokratik prinsiplərə əsaslanan islahatlar ölkəmizdə milli və müasir idarəetmə modelinin qurulması istiqamətində mühüm rol oynayır. İslahatların əsas məqsədi səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Bütün sahələri əhatə edən isla­hatların hüquq-mühafizə sistemində də aparılması zərurəti özünü açıq şəkildə büruzə verirdi. Respubli­kamızda aparılan hüquqi islahatlar prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfələr verəcəyinə böyük əminlik yaratmış­dı. Biz , prokurorluq işçiləri bu gün həmin töhfələrin şahidiyik.

Ümummilli liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İl­ham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində genişmiq­yaslı işlər görülür. Dövlət başçımı­zın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, ən müasir demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensia­lının formalaşdırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırıl­ması üçün zəmin yaradıb.

Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011- ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmiş, 2012- 2015-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Bütün bunlardan sonra prokurorluq orqanlarında islahatların davam etdirilməsi vacib idi. Bu il mayın 1- də cənab Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bir daha vurğuladı ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanların­da da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələrinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdı­ran dövlətimizin başçısı islahatların yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma olduğunu bildirdi.

Gündəlik həyatımızda baş verənlər təsdiqləyir ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində dövlət idarəçiliyində operativlik, çeviklik, yeni idarəçilik sistemi yara­dılıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır, qanu­nun aliliyinin qorunması prioritet vəzifəyə çevrilib. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar qeyd edilməlidir ki, möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Cənab Prezidentin 2004-cü il 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə sərəncamına əsasən, Azərbaycan Respublikasının Baş pro­kuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin daha da təkmilləşdirilməsi, ən müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması, prokurorluq işçiləri ilə görüşdə tövsiyə və tapşırıqlar verməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü kimi dəyərləndirilir. Bu, həm də ölkə rəhbərliyinin pro­kurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə göstərdiyi yüksək inam və etimadın nümunəsidir.

Möhtərəm Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi vide­oformat şəklində qəbul edərkən bir daha bu məsələyə toxunaraq bildir­mişdir ki, digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalı­dırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində inkişafa zəmin yaradıb. İdarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradıb. Proku­rorluq orqanlarında da yeniləşmə prosesinin getdiyi özünü açıq şəkildə büruzə verir. Bu sahədə aparılan kadr islahatlarını xüsusi qeyd etmək istərdim. Gənc kadrların işə qəbulu zamanı şəffaflığın təmin olunması, yeni iş ruhuna, canlanmaya, inkişafa zəmin yaradır və gələcəyə olan inamı daha da artırır. Bu proseslərin dövlət tərəfindən dəstəklənməsi hər bir hüquq-mühafizə orqanı əməkdaşını daha da ruhlandırır.

Qanunun aliliyinin təmin olun­ması hər bir hüquq- mühafizə orqanı əməkdaşının ən ümdə vəzifəsidir. Ümumiyyətlə, kimliyindən və həyatda tutduğu mövqeyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısın­da məsuliyyət daşıyır. Möhtərəm Pre­zidentimiz İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformat şəklində qəbul edərkən də bu məsələni xüsusi vurğulayaraq dedi ki, ilk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Dövlət başçısı qəti olaraq bildirdi ki, Azərbaycanda hüquq-mühafizə sistemində islahatlar dərinləşməli və qanunun aliliyi təmin edilməlidir. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qa­nun qarşısında hamı bərabərdir.

Ölkədə aparılan məhkəmə-hüquq islahatları, xüsusilə, kadrların seçilib-yerləşdirilməsində həyata keçirilən tədbirlər bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da əsaslı dönüş yaradıb. Prokurorluq işçiləri bunu gündəlik fəaliyyətlərində hiss edirlər. Bunun əsas səbəblərindən biri möhtərəm cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə, prokurorluq orqanlarının daim diqqət və qayğı ilə əhatə edilməsidir. Baş prokuror Kamran Əliyev dövlətimizin başçı­sı ilə videoformat şəklində görüşü zamanı prokurorluq orqanlarında bu gün, doğurdan da, kifayət qədər çox peşəkar, Vətənə, dövlətə xidmət edən, dövlətə sədaqətli kadrların olduğunu diqqətə çatdıraraq, bütün bunların cənab Prezidentin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilmiş mühüm islahatların nəticəsi kimi dəyərləndirdi.

Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adek­vatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezi­dent İlham Əliyevin 2020-ci il 10 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırı­lıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradıla­raq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırı­ması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni struktu­runa uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş Prokuror yanında Korrupsiya­ya Qarşı Mübarizə Baş İdarəsinin, Bakı Şəhər Prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni struktur­ları təsdiqlənib. Bəzi idarə və şöbələr ləğv olunaraq müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib.

Bu gün islahatlar davam etdi­rilir. Bu islahatların prokurorluq orqanlarında da aparılması gündəlik işimizdə əsaslı dönüş yaradıb. Qarşıdan prokurorluq işçilərinin peşə bayramı gəlir. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramıdır. Hər il həmin günün təntənəli qeyd edilməsi prokuror­luq işçilərinə dövlətimizin diqqət və qayğısının təzahürüdür. Biz, prokurorluq orqanlarının işçiləri də öz vəzifələrimizi layiqincə yerinə yetirərək, bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcək, dövlətin maraqları və qanunun aliliyinin təmin edilməsi istiqamətində bütün qüvvəmizdən, bilik və bacarığımız­dan səmərəli yararlanacağıq.

Mürvət HƏSƏNOV,
Bakı Şəhər Prokurorunun müavini, baş ədliyyə müşaviri

17 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə