Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir

Yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuatda dərc olunmuş müraciəti ilk növbədə müəllimlərə, tələbə və şagirdlərə ün­vanlansa da, əslində möhtərəm Prezidentimizin sözləri cəmiyyətin hər bir üzvünə, bütün xalqımıza aiddir. Bu müraciətin məzmunundan da aydın görünür. Çünki təhsil ictimai həyatın elə bir sahəsidir ki, onun uğur və problemlərinin bu və ya digər dərəcədə hər bir ailəyə, hər bir vətəndaşa aidiyyəti var. Buna görə də Prezidentin müraciətində qal­dırılan məsələlər, nəzərdə tutulan perspektiv tədbirlər cəmiyyətimizin hər bir nümayəndəsi üçün vacib və maraqlıdır.

Azərbaycan Prezidenti öz müraciətində hər şeydən əvvəl yeni dərs ilinin başlandığı şəraitin spesifikliyindən, pandemiya şəraitində tədris prosesinin qurulması özəlliklərindən söz açır. Bütün dünya­nı ciddi problemlərlə üz-üzə qoymuş COVID-19 virusu ilə mübarizədən daha az itkilərlə çıxmaq, ölkəmizin iqtisadi, sosial həyatını, ilk növbədə insanlarımızı fiziki və psixoloji sağ­lamlığını karantin rejiminin ziyanlı təsirlərindən qorumaq üçün dövlət orqanlarının atdığı addımların, gördüyü tədbirlərin mahiyyətini izah edir: “Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik ad­dımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi.

Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcu­nu şərəflə yerinə yetirəcəklər.”

Sonra dövlət başçısı post­pandemiya dövrünə hazırlıq işlərindən danışır və dövlətin xəstəliklə bağlı ortaya çıxa biləcək istənilən problemləri qətiyyətlə aradan qaldıracağını, konkret olaraq təhsil prosesinin pozulma­sına yol verilməyəcəyini bildirir. Dövlətimizin başçısı pandemiya şəraitində keçən yarım il ərzində sosial sahədə, o cümlədən təhsil sistemində heç bir proqramın dayandırılmadığını, ixtisar edilmədiyini, əksinə, bu sahədə ən vacib amil olan məktəb tikintisinin ötən illərlə müqayisədə daha geniş vüsət aldığını, tendensiyanın bu dərs ilində də davam etdirildiyini, layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun həmişəki kimi mühüm rol oyna­dığını bildirir: “Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.”

Respublika Prezidenti məktəb tikintisi sahəsində qazanılan uğur­ların təkcə ümumtəhsil məktəbləri ilə məhdudlaşmadığını, həmçinin ali təhsil məktəblərini də əhatə etdiyini vurğulayaraq bir neçə ali məktəbdə yeni tədris korpuslarının inşa edildiyini, onların ən müasir tədris avadanlığı ilə təchiz olun­duğunu söyləyərək öz fikirlərinin təsdiqi üçün Aqrar Universitetdə, ADA Universitetində görülən işləri misal gətirir.

Dövlətimizin təhsilin inkişafı ilə bağlı apardığı bütün işlərin, qəbul edilən sənədlərin qayəsində müəllimlərin və ümumiyyətlə, müəllimlik peşəsinin nüfuzu­nu qaldırmaq, bu sahədə kadr hazırlığını günün tələbləri səviyyəsinə yüksəltmək motivi aparıcı xətt kimi nəzərə çarpır. Dövlətin bu yanaşma prinsipi gənclər arasında müəllimlik peşəsinə marağın artmasına, ali pedoqoji məktəblərə üz tutan abituriyentlərin sayının ildən-ilə çoxalmasına səbəb olur. Prezident ölkəmizin gələcəkdə daha böyük nailiyyət qazanması üçün müəllim peşəsinin nüfuzunun qaldırılması­nın əsas şərtlərdən biri olduğunu vurğulayır. Çünki bütün sahələr üzrə yüksək səviyyəli kadrların hazırlanması ilk növbədə bilikli və bacarıqlı müəllimlərin olmasından asılıdır. Azərbaycan Prezidenti öz müraciətində bu fikri təlqin edərək deyir: “Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaq­ların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ru­hunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.”

Prezident həmişə olduğu kimi, bu müraciətində də ölkəmizin tərəqqisinin, xalqımızın xoş gələcəyinin birinci növbədə gənclərdən, onların yüksək vətəndaşlıq mövqeyindən, bilik və peşəkarlıq səviyyəsindən, milli-mənəvi dəyərlərimizə bağ­lılığından asılı olduğunu israrla təlqin edir. Bu günə qədər bütün sahələrdə qazandığımız uğurların ilk növbədə xalqımızın azadlıq əzminin, müstəqil dövlət quru­culuğu işində qazandığı uğur­ların bəhrəsi olduğunu göstərir. Gənclərin də qarşısında duran əsas vətəndaşlıq missiyası bu yolu da­vam etdirmək, Vətənimizi sosial, iqtisadi, humanitar tərəqinin daha yüksək pillələrinə qaldırmaqdır.

Dövlət başçısı gənclərimizin bu məsul vəzifələrin öhdəsindən qətiyyətlə gələcəklərinə inamını bu sözlərlə ifadə edir: “Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. ... Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.”

Xalqımızın və Prezidentimi­zin gələcəyimizlə bağlı bu arzu­larının reallaşması ilk növbədə təhsilin yüksək səviyyəsinin təmin olunmasından asılıdır.

İlham ABBASOV, “Xalq qəzeti”

17 Sentyabr 2020 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə