Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi Şura strateji məqsədlərin reallaşdırılması istiqamətində böyük imkanlar yaradacaq

Davamlı inkişaf iqtisadi və sosial dəyişikliklər prosesidir və burada təbii ehtiyatlar, investisiyaların, o cümlədən elmi-texniki inkişafın istiqaməti, şəxsiyyətin inkişafı və institusional dəyişikliklər bir-biri ilə uzlaşdırılır, insan tələbatını və istəklərini təmin etmək üçün indiki və gələcək potensialı daha da gücləndirir. Azərbaycanda da davamlı iqtisadi artıma nail olunması stra­teji vəzifə hesab edilir və iqtisadiyyatın inklüzivliyini, rəqabət qabiliyyətliyini və sosial rifahın əvvəlkindən daha da artırılmasını təmin edəcək təsirli tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İqtisadi Şurası da məhz bu vacib vəzifələrin yerinə yetirilməsi məqsədilə yaradılmışdır və Şura qarşısında makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərin forma­laşdırılması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması mühüm vəzifələr kimi qoyulmuşdur.

Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqla­rının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olunması strateji vəzifə hesab olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxas­pektli inkişaf strategiyası da məhz bu məqsədlərə yönəldilmişdir. Heç kimə də sirr deyil ki, uğurlu inkişaf siyasətinin tətbiqinin nəticəsi kimi hazırda Azərbaycanda iqtisadi, sosial, humanitar, mədəni və digər mühüm sahələrdə qısa müddətdə çox bö­yük uğurlar əldə edilmişdir. Aparılan təhlillərdən belə nəticəyə gəlmək olar ki, aparılan köklü islahatlar nəticəsində ümumbəşəri dəyərlərdən bəhrələnərək idarəetmə modellərinin müsbət meyilləri əsasında iqtisadiy­yatın sahələri inkişaf etdirilmiş və nəticədə milli dayanıqlı və davamlı iqti­sadi inkişaf modeli formalaşdırılmışdır. Ölkədə dayanıqlı, sabit inkişafı təmin etmək məqsədilə həyata keçirilən mühüm proqramlardan biri region­ların sosial-iqtisadi inkişafının təmin edilməsi olmuşdur. Bu məqsədlə üç dövrü – 2004-2008, 2009-2013, 2014-2018- ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqram­ları” qəbul edilmiş və uğurla həyata ke­çirilmişdir. Hazırda yeni 2019–2023-cü illəri əhatə edən dördüncü proqramın icrasına start verilmişdir. Bununla belə, “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Pre­zidentinin Fərmanında qeyd edildiyi kimi, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar yaratmışdır.

Ümumiyyətlə, mütəxəssislərin fikrincə, davamlı inkişaf problemlərinin aktuallaşması və 20-ci əsrin so­nunda gündəmə gətirilməsinin kökündə dünyanın bir sıra ölkələrində müşahidə edilən, getdikcə kəskinləşən ziddiyyətlər və bir çox sahələri əhatə edən böhranlar dayanır. Məlum olduğu kimi, dünyanın müxtəlif regionlarında həyata keçirilən qüsurlu siyasət və effektiv olmayan idarəetmə bir sıra neqativ halların meydana gəlməsi və dərinləşməsi riskini artırmışdır. Buna görə də, Azərbaycanda əldə edilmiş so­sial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, iqtisadiy­yatın neft gəlirlərindən asılılığı minimu­ma endirilməsi, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiya ilə bağlı olmuşdur. Belə ki, qlobal iqtisadi böhrandan irəli gələrək dünya bazarlarında neftin qiymətinin düşməsi, milli valyuta­nın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar etmişdi. Bu mənada Prezidentin mü­vafiq Fərmanı ilə yaradılmış və geniş səlahiyyətlər verilmiş Maliyyə Sabitliyi Şurasının əsas missiyası makro-iqti­sadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaqdan ibarət olmuşdu. 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşması və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini təsdiqləmişdi. Hazırda ölkənin maliyyə bazarının sabitləşməsi belə deməyə əsas verir ki, Maliyyə Sabitliyi Şurası qarşıya qoyul­muş məqsədlərə nail olmuşdur.

Dövlət başçısının Fərmanında xüsusilə qeyd olunur ki, növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifa­hın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir və milli iqtisadi inkişaf qarşısın­da duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini forma­laşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olu­nur. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər də Azərbaycan iqtisadiyyatının post­pandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır. Xüsusilə qeyd etmək lazım­dır ki, İqtisadi Şuraya xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, investisiya mühitinin radikal şəkildə yaxşılaşdırılması, iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi məsələləri yönündə önəmli strateji layihələrin gerçəkləşdirilməsi də tapşırılmışdır. Şuranın sentyabrın 10-da keçirilən ilk iclasında Baş nazir Əli Əsədov bildir­mişdir ki, İqtisadi Şura yeni bir platfor­ma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Bununla bərabər, İqtisadi Şuranın Prezident İlham Əliyevin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.

İclasda Baş nazir Ə.Əsədov həmçinin vurğulamışdır ki, Prezi­dentin tapşırığına əsasən, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Özəl investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırıl­ması üçün ciddi və radikal addımlar atılmalıdır. İqtisadi Şura yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. İclasda Şura üzvləri də çıxış edərək uzunmüddətli iş planının hazırlan­ması, islahatların istiqamətləri haqda fikirlərini bildirmişlər. Mütəxəssislərin sözlərinə görə, İqtisadi Şura konkret hansısa sahəyə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq və şura qlobal iqtisadi böhranlar yaranan zaman mənfi təsirlərdən qorunmağın və qarşıdakı 10 il ərzində ÜDM-nin faizini artırmağın yollarının təmin edilməsi ilə məşğul olacaq. İqtisadçıların fikrincə, ölkəyə investisiya axınının baş verməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində yolların axtarılması baxı­mından şuranın fəaliyyəti əhəmiyyətli olacaq. Bu mənada belə bir qurumun yaradılması, rəhbərliyin baş nazirə həvalə olunması, ildə iki dəfə görülən işlərlə bağlı hesabat verilməsi ölkə iqtisadiyyatının keyfiyyətli inkişafına ümidləri artırır.

Bir sözlə, bu gün dünyada yeni iqtisadi reallıqlar formalaşır və bu reallıq iqtisadi siyasətdə də çevik dəyişikliklərin həyata keçirilməsini la­büd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğur­lar əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanmışdır. İqtisadi Şura növbəti illərdə iqtisadiyyatı­mızın iki dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlbi, insan kapitalından geniş istifadə və bu kimi digər hədəflərin müəyyənləşdirilməsi baxmından qarşıya qoyulmuş vəzifələrin yerinə yetirməsində mühüm rol oynayacaq, islahatların daha da sürətlənməsinə, strateji məqsədlərə nail olunmasına böyük imkanlar yaradacaq. Ən əsası, yeni dövrün çağırışlarına adekvat olan sosial-iqti­sadi layihələrin reallaşdırılması, yeni iqtisadi inkişaf modelinə uğurlu keçidi daha da sürətlənəcək.

“Xalq qəzeti”

17 2020 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə