• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Frankfurt Beynəlxalq Kitab Sərgisində AXC və Qara Qarayevin 100 illik yubileyləri qeyd olunmuşdur

Frankfurt Beynəlxalq Kitab Sərgisində AXC və Qara Qarayevin 100 illik yubileyləri qeyd olunmuşdur

Almaniyanın Frankfurt-Mayn şəhərində Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan da təmsil olunur. Ölkəmizin zəngin mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak edir.
Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi nüfuzu, iştirakçı və tamaşaçı sayının çoxluğu baxımından fərqlənir. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlirlər. 
Nümayəndə heyətinin üzvlərindən aldığımız məlumatda deyilir ki, Azərbaycan 56 kvadratmetr sahədə, Qız qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunub. Sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə dair nəşrlər tamaşaçılara təqdim edilib.
Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə oktyabrın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimat mərasimi keçirilib. Üç dildə nəşr edilən kitab dahi bəstəkarın həyat və yaradıcılığı, eləcə də onun dünyaca məşhur əsərləri ­haqqındadır.
Tədbiri mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev açmışdır. Daha sonra Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov, Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm nazirinin müavini professor Haluk Dursun çıxış etmişlər. Sonra Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabını və kitabxananın hazırladığı dahi bəstəkarın bütün əsərlərini əhatə edən 5 diski tədbir iştirakçılarına hədiyyə etmişdir. Tədbirdə, həmçinin Azərbaycanın Almaniyadakı diaspor təşkilatının sədri Samirə Patzer-İsmayılova da çıxış etmişdir. O, Qara Qarayevin not əsərlərindən ibarət olan toplunu iştirakçılara təqdim etmişdir.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” arxasında müzakirə ilə davam etmişdir. Mərasimdə Almaniyada yaşayan, Azərbaycan ədəbiyyatını geniş təbliğ edən naşirlər, yazıçılar və ədəbiyyatşünas alimlər çıxış etmişlər. Onlar özlərinin alman dilində hazırladığı “Azərbaycan müntəxəbatı antologiyası”nı tədbir iştirakçılarına təqdim etmişlər.
Burada “Azərbaycan” pavilyonunda alman publisisti, tərcüməçi Hayke Maria Yohenninqin “Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər” kitabının təqdimat mərasimi də keçirilmişdir..
Oktyabrın 12-də isə burada azərbaycanlı və alman tələbələrin iştirakı ilə “Azərbaycan mədəni irsi və onun dünyaya tanıdılması” mövzusunda müzakirələr aparılacaq.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 

11 Oktyabr 2018 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin