Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19 illərlə yaxamızdan yapışıb qalası deyil

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, COVID-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən sərt karantin rejimi tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də, Gürcüstanda da yoluxmaların sayı artmaqdadır və bu səbəbdən yenidən qadağalar tətbiq olunmağa başlanılıb.

Bunu nəzərə alan azərbaycanlı ekspertlər də artıq həyəcan təbili çalmağa başlayıblar.  Vətəndaşlar, eləcə də mütəxəssislərin bəziləri  ölkəmizdə karantin rejiminin yenidən sərtləşdirilə biləcəyini təxmin edirlər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana ƏLİYEVA ilə bu barədə söhbətləşdik. O, istər ikinci dalğa, istərsə də sərt karantin rejimi ilə bağlı fikirlərini bizimlə bölüşdü. 

– Mütəxəssislər və dünyanın aparıcı epidemioloqları hələ aprel ayında ehtimal olunan ikinci dalğanın payız ayına təsadüf edəcəyini təxmin edirdilər. Artıq bunu İtlaiya, Fransa, İspaniya, İsrail, Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə görürük. Bəzilərində hava məkanı qapadılıb, turist qəbulu dayandırılıb, bəzilərində məhdudiyyətlər tətbiq olunub, sərt karantin rejiminə keçiblər. Bizdə pandemiyanın elementləri Avropadan, təxminən 1 ay sonra başladı. Azərbaycanda ikinci dalğanın oktyabrın ortalarına təsadüf edəcəyi təxmin edilir. Dəfələrlə pandemiyaya məruz qalmış ölkələrin təcrübələrinə əsasən, ikinci dalğanın gücünün birincidən daha dağıdıcı olması ehtimalı da var. Onu da demək olar ki,  əgər Avropa ölkələrində ikinci dalğanın gələcəyi haqqında əminliklə danışmaq olardısa, Azərbaycanda bu, ancaq ehtimal edilə bilər.

Birincisi, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi 6 ay davam edən karantin rejimi tətbiq olunmadı. Hər yerdə həyat normal axarına düşdü, sadəcə insanlara özlərini qorumaq tövsiyə edildi. İnsanlar da buna ciddi şəkildə əməl etdilər, öz sağlamlıqlarının qayğısına özləri qaldılar. Amma bizdə uzun müddət qadağalar qaldı, bəziləri hələ də davam edir. Ona görə də Azərbaycanda ikinci dalğa olacaqmı, olacaqsa nə vaxt olacaq, bunu heç kim dəqiq deyə bilməz. Ancaq təxmin edilə bilər.

İkincisi, bizdə əhalinin xeyli hissəsi evdə müalicə edildi, bəziləri ümumiyyətlə, yoluxduğunu gizlətdi. Ona görə yoluxanların sayını dəqiq demək mümkün deyil. Operativ qərargahın verdiyi məlumat rəsmi qeydiyata alınan xəstələrin say göstəricisidir. Apteklərdə may-iyul aylarında artan satış rəqəmlərinə görə, bu sayın xəstəxanalara gedənlərdən çox olmasına ehtimal yaradır. Tamamilə mümkündür ki, əhalinin yarısı artıq virusu bu və ya digər vəziyyətdə keçirib. Çünki, mütəxəssislərin fikrincə, bəziləri COVID-19-a simptomsuz, eyni zamanda, konyuktivit, mədə bağırsaq pozulmaları şəklində və ya hərarət olmadan, öskürəksiz, boğulmalarsız da yoluxdular və yüngül müalicə ilə sağaldılar. Bu yoluxma və sağalma məhz həmin insanların immunitetinə bağlı olan məsələdir. Təbii ki, dəfələrlə alimlər bildiriblər ki, immuniteti zəif insanlar xəstəliyə digərlərindən daha tez yoluxurlar.

Çox böyük ehtimalla ikinci dalğa olacaq. Amma düşünürəm ki, birinci dalğadan heç nə ilə fərqlənməyəcək. Yoluxmadakı rəqəmlərin azalıb-çoxalması həm də aparılan test sayından asılıdır. Test nə qədər çox edilsə, say da ona uyğun artıb azalacaq. Bu gün say, məsələn, 150-dirsə, sabah gündəlik test sayını 4 qatına artırsaq, yoluxma sayının 600 olacağı mümkündür. Bu, xəstələnənlərin sayı demək deyil.

Artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti, bir saat içində buludlu sərin havaya dönə bilir. Kəskin hava dəyişməsi tərləmə-soyuqlamaya gətirir. Payız aylarında mövsümi, standart yuxarı tənəffüs yolları xəstəliklərinin artması normaldır, zökəmlərin, tonzillit, angina, rinit və virus qriplərin yayılması zamanıdır. Hər öskürəkdə, hər qızdırma halında qəti şəkildə panikaya düşmək lazım deyil. Gigiyenik qaydalara əməl etməklə, bunların öhdəsindən çox rahat gəlmək olar. Səhər və axşam vaxtları mümkün qədər çox havada olmaq, kəskin hərəkətlər və idman yarışları zamanı ehtiyatlı olmaq vacib şərtlərdəndir. Təcrübə göstərir ki, belə hallar sonrası bədən temperatururun dəyişməsi bu tip xəstəliklərə təkan verir. Xüsusilə, axşam vaxtları kondisionerdən istifadə etmək də məsləhət deyil, axşamlar hava kifayət qədər sərin olur. Bundan başqa, qidalanma da çox önəmlidir. Gündəlik menyuya mütləq sulu yeməklər, soğan, acı bibər, göyərti və müxtəlif tərəvəzlər daxil etmək lazımdır. Ayın sonlarına doğru kompleks vitaminlər qəbul etmək də faydalıdır.

Biz yenicə sərt karantin rejimindən çıxmışıq, rayonlara gediş- gəliş 10 gündür ki, açılıb. Bəziləri indidən proqnoz verirlər ki, yenidən sərt rejimə keçəcəyik. Yenidən qapanmağa nə gərək var? Bu saatdan sonra hansısa sərt rejim tətbiqi heç nəyi dəyişməyəcək. Nəzərə alsaq ki, 1 ay sonra yağışlar başlayacaq və hava soyuyacaq, insanların təbii olaraq küçəyə çıxma zamanı da azalacaq. Əhalinin çox hissəsinin evdə oturacağına görə, küçəyə çıxma qadağasının da mənası olmayacaq.

Düşünürəm ki, yaslara qadağa ilin sonuna kimi davam etməli, toylar ailə içi olmaqla, 2 saatlıq, uzağı 50-60 adamlıq keçirilməsinə icazə verilməli, qapalı məkanlarda maska taxmaq şərtilə həyatımıza davam etməliyik. Virus hücumunun hələ 1 il davam etməsi ehtimalı çox güclüdür, amma karantin bir il davam edə bilməz. Buna nə insanlar, nə büdcə, nə də iqtisadiyyat davam etməz. Deməli, virusla “dinc yanaşı” yaşamağı öyrənməliyik. Təbii ki, insanlar qaydalara laqeyd yanaşsa, maska ilə gəzib-dolanmağa özünü məcbur etməsə, tövsiyələrə əməl olunmasa, sərt karantin rejiminə mütləq zərurət yaranacaq.

Bir həkim, müəllim kimi hər kəsə məsələhətim budur ki, sağlamlığınızı riskə atmayın. Təhlükəli yerlərdə maska taxıb, gigiyenjk qaydalara əməl edib, özünüzü qoruyun. Əks halda yenidən iki ay, bəlkə də il sonuna kimi davam edən sərt karantin rejiminə məcbur gediləcək. Sizi bilmirəm, mən sərt rejimindən yorulmuşam. Bir qədər də səbrli olmalıyıq. Bu virus illərlə yaxamızdan yapışıb qalası deyil. Nə qədər çox qorunsaq, o qədər yoluxma az olacaq və virusun təsir gücü azalacaq. Mütəxəssislər bildirirlər ki, ən ağır virusun da aktiv yoluxdurma müddəti bir ildən çox olmur. Virusun ölkəmizə ayq basmasının ilinə nə qaldı ki? Hər şey yaxşılığa doğrudur. Buna inanmaqla bərabər, qorunmağı, tələblərə əməl etməyi də unutmamalıyıq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 09:16 - SƏHİYYƏ
SƏHİYYƏ
14 Sentyabr 2020 | 10:04
Bu ikinci dalğadırmı?..
14 Sentyabr 2020 | 10:00
Yoluxma davam edir

Köhnə versiyamızdan xəbərləri izlə