Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada 366 jurnalist COVID-19 virusunun qurbanı olub

Mart ayından bu yana dünyanın 47 ölkəsində ən azı 366 jurnalist koronavirus infeksiyası səbəbindən həyatını itirib, daha 54 jurnalist isə qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Press Emblem Campaign” Beynəlxalq Jurnalistlər Təşkilatının dərc etdiyi hesabatda yer alıb.

“Mart ayından bu yana dünyanın 47 ölkəsində ən az 366 jurnalist COVID-19 xəstəliyinin qurbanı olub. Bundan başqa, müxtəlif səbəblərə görə daha 54 jurnalist qətlə yetirilib. Beləliklə, bu il həyatını itirən jurnalistlərin sayı 400 nəfəri keçib”, - deyə qurumun baş katibi Blez Lempen bildirib. Onun sözlərinə görə, KİV nümayəndələri arasında pandemiya səbəbindən ölüm hallarının kəskin artması son günlər diqqəti Hindistana yönəldib.

İyulun 1-dən sentyabradək koronavirus infeksiyası səbəbindən ölən jurnalistlərin sayında iki dəfə artım müşahidə edilib. Ümumilikdə isə COVID-19 Latın Amerikası ölkələrində 205, Asiyada 90, Avropada 28, Afrikada 22, Şimali Amerikada isə 21 jurnalistin həyatına son qoyub.

Jurnalistlər arasında ən çox ölüm halı Peruda qeydə alınıb – 82 nəfər. Ekvadorda 40, Hindistanda 36, Banqladeşdə 31, Meksikada 26, ABŞ-da 20, Braziliyada 19, Pakistanda 10, Boliviya, Böyük Britaniya və Nigeriyanın hər birində 8 jurnalist həyatını itirib.

Beynəlxalq Jurnalistlər Təşkilatı güman edir ki, bəzi ölkələr jurnalist ölümləri barədə məlumat vermədiyi üçün KİV nümayəndələri arasında ölüm halları bundan daha çox ola bilər.

Jurnalistlərin qətlə yetirilməsini qınayan təşkilat öldürülən jurnalistlərin sayına görə Meksikanın (8), Pakistanın (7) və Hindistanın (6) liderlik etdiyini vurğulayıb.

M.HACIXANLI,
“Xalq qəzeti”

16 2020 16:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə