Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət iqtisadiyyatın inkişafında peşəkar kadrlara üstünlük verir

Prezident İlham Əliyevin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır.

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir. 21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir. Misal üçün qeyd edək ki, 2019-2020 – ci illərdə bir milyard manatdan artıq məhsul istehsal edilib və bunun da təqribən 33 faizi ixrac olunub. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir. Hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir.

M.Əfəndiyev deyib ki, nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik. Bu baxımdan, dövlət başçısının Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstəyi iqtisadiyyatın inkişafında peşəkar insan resusrlarının çoxalmasının vacibliyini göstərir. Eyni zamanda burada yeni iş yerlərinin yaradılması, gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinin daha da yüksəlməsində əsaslı rol oynayacaqdır.  

Anar TURAN,
“Xalq qəzeti”

16 Sentyabr 2020 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə