Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

16 sentyabr “Beynəlxalq Ozon qatının qorunması günü”dür

Azərbaycan qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı aparılan bütün mübarizələri dəstəkləyir

Respublikamız həm su ehtiyatları, həm də yaşıllıq, meşə örtüyü baxımından o qədər də zəngin olan ölkələrdən deyil. Bilavasitə təbii səbəblərlə  bağlı olan bu problemlərin az da olsa aradan qaldırılması məqsədilə uzun illər müəyyən addımlar atılmışdır. Buna baxmayaraq, həm qlobal istiləşmə, həm də iqlim dəyişmələri dünyanın bütün ölkələri kimi, Azərbaycanın təbiətinə də öz mənfi təsirlərini göstərmişdir.  Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində daxlayır. Dövlət başçımız ekologiya və ətraf mühitlə əlaqəsi olan bütün konvensiyalara tərəfdaş çıxmaqla yanaşı, beynəlxalq aləmdəki bu istiqamətdə olan təcrübələrdən bəhrələnməyi də tövsiyə edir.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən 16 sentyabr tarixi bütün dünyada “Beynəlxalq ozon qatının qorunması günü” kimi qeyd edilir.  Bildirilir ki, Yer kürəsində bütün canlı həyat ozon qatı ilə qorunur. Ozon qatı Günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir və planetin səthinin 10-16 kilometrlik hündürlüyündə yerləşir. 400 milyon ildən artıq mövcud olan bu qat, son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosfer havasına buraxılması nəticəsində dağılmaq təhlükəsi qarşısında qalıb. Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul edilib və hazırda 200-ə yaxın ölkə tərəfindən bu konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.

Ölkəmiz  “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Yəni bu sahədəki fəaliyyətimizin də təməlini məhz ulu öndər Heydər Əliyev qoymuşdur.  Ölkəmiz  bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondensionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən- ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir.

Mütəxəssislər qeyd edirlər ki, tərkibində frion, xlor və  bromun  çoxluq təşkil etdiyi qazlar əsas ozondağıdıcı maddələr hesab olunur və belə maddələrdən istifadənin azaldılması ozon qatının qorunmasında mühüm rol oynayır. Dünya ekspertləri əmindirlər ki, Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernləşdirilməsi, texnoloji yeniliklərə əsaslanan müasir soyuducu və kondisionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Bundan başqa, bilavasitə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən həyata keçirilən ekoloji siyasət öz mübət nəticələrini verməkdədir.

 Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Beynəlxalq ozon qatının qorunması gününün keçirilməsində əsas məqsəd Yer kürəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən ozon qatının təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.

 Azərbaycan Respublikasının ekoloji siyasəti nəticəsində  əldə olunmuş nailiyyətlər kifayət qədərdir.  Dövlətimiz bu fikirdədir ki, qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin --davamlı inkişafın formalaşdırılması hesabına ola bilər.

Dövlət başçımızın fikrincə, Azərbaycanda ətraf mühit problemlərinin  həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Belə ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi,  beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətləridir.

Xatırladaq ki, Azərbaycan hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.  Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Problemlərin həlli istiqamətində alimlər və mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, bunlardan da bu gün üçün ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.

Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi heç kəsdə şübhə doğurmur. Bu ilin əvvəlində Azərbaycan Prezidenti ölkəmizdə alternativ enerji mənbələrinin işə salınması məqsədilə xarici ölkə şirkətlərinin rəhbərlərini qəbul etmiş və mühüm razılaşmalar əldə olunmuşdur.

Rəsmi məlumatlarda qeyd edilir ki, ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb  olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş  istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Bundan başqa, artıq elə bir ay olmur ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda və ya hansısa bölgədə ekologiya ilə bağlı olan tədbirdə iştirak etməsinlər. Məsələn, bu il mayın 10-da  Prezident  və Birinci xanım ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkilməsi mərasimində iştirak etmişlər. Xatırladaq  ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Ümumiyyətlə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Bu zaman bir məqamı da yasa salaq ki, ümummilli lider Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə  Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci vitse-prezidentin təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Təbii ki, Abşeron ərazisində neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilər, lay suları altında qalan torpaqlar həmişə çox olub. Həmin ərazilərin  ekoloji  vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi.

Xatırladaq ki, yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Günel ƏMƏNULLAYEVA,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru

16 Sentyabr 2020 09:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə