Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

Şirvan şəhərində Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər. Tədbirdən öncə S.Babayev və İ.Abbasov ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.

Nazir S.Babayev tədbirdə çıxış edərək bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır.O, diqqətə çatdırıb ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir-yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu il olması planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İ.Abbasov belə müasir reabilitasiya mərkəzlərinin yaradılmasının əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir göstəricisi olduğunu vurğulayıb.

Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Sentyabr 2020 09:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə