Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid hərbiçilərimizin ailələri ziyarət edilib

Milli Məclisin deputatları Qənirə Paşayeva və Tamam Cəfərova, həmçinin  “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Tovuz, Ağstafa və Qazax rayonlarında,bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.

Şəhid ailələrinin qayğıları ilə maraqlanan deputatlar onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.  Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, "qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik" - deyib.

Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan deputat Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib. O, bildirib ki, "biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik".

Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və bütün şəhidlərimizin də ruhu şad olacaq!” - deyərək bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyib.

Deputatlar  bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur. Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Sentyabr 2020 09:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə