Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda sərhəd kəndlərində məktəblilərə futbol geyimləri paylanıb

AFFA-nın təşkilatçılığı ilə Tovuz rayonunun ön cəbhədə olan Ağdam, Əlibəyli, Vahidli kəndləri, eyni zamanda Dondar Quşçu, Koxanəbi və Bayramlı kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edərək, bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd edib.

Q.Paşayeva deyib: "Zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın zamanlarda məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm."    

Deputat bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib və idman mütəxəssislərini, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların üzə çıxarılması, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çox çalışmağa çağırıb. O, “hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq”-- deyib.

Q.Paşayeva Tovuzda belə bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib.  O, məktəblilərə iyul ayında Tovuz istiqamətində işğalçı Ermənistana layiqli cavab verən qəhrəman şəhidlərimizdən general Polad Həşimovla bağlı hazırlanmış kitabları hədiyyə edib və uşaqları vətənpərvər ruhda böyüməyə çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Sentyabr 2020 09:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə