Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının iclasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytax­tı Vyanada keçirilən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID ) Direktorlar Şurasının iclasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üzvü ol­duğu 9 nəfərlik Direktorlar Şurası­nın pandemiya dövründə keçirilmiş iki onlayn tədbirdən sonra ilk dəfə toplantıya Vyanadan – KAICIID-in mənzil-qərargahından qatılan QMİ sədri A.Paşazadə iclasa sədrlik edən Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuellə birgə Şuranın digər üzvləri ilə videokonfrans­da iştirak edib.

Tədbirdə çıxış edən QMİ sədri KAICIID-in Baş katibi Feysal bin Muammara və Direktorlar Şurası­nın üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırıb.

Videokonfransın gedişində pande­miya səbəbindən əvvəldən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyi vurğulanıb. İclasda bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemi və KAICIID-in inkişaf strategiyası ilə bağlı müzakirələr apa­rılıb, qurumun idarəçiliyində struktur dəyişiklikləri edilib. Toplantının proqra­mına, həmçinin dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya, həmçinin G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrin müzakirəsi baxı­mından BMT ilə əməkdaşlıq formatı xüsusi müzakirə edildi. BMT agentlikləri ilə əməkdaşlığa dair prioritetlərin Şura üçün olduqca mühüm olması, ümumi işin mənafeyinə xidmət etməsi səbəbindən bu istiqamətdə işlərin daha böyük səylə davam və inkişaf etdirilməsinin zəruriliyi vurğulandı.

Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) KAICIID Dia­loq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırıb. QMİ sədri postpandemiya dövründə müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini, həmin tədbirlərdə dinlər və sivilizasiyalar arasında əməkdaşlıq məsələlərinin davamlı təbliğinin priori­tet olacağını bəyan edib.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri həmkarları olan Şeyxülislam A.Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəldəcəklərini bildiriblər.

Planetin aparıcı dini konfessiyala­rının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının videotoplantı­sında dünyada, müxtəlif regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri A.Paşazadə qaldırılan məsələlərə dair fikirlərini bölüşüb. Xüsusilə iyul ayında Azərbaycan–Ermənistan sərhədində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə torpaqlarımızın 20 fai­zini zəbt etmiş Ermənistan tərəfinin təcavüzünün miqyasını artırdığını, mülki əhalini hədəf aldığını və işğal altındakı ərazilərimizdə dini abidələri məhv etdiyini bildirib, bu səbəblərdən Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticə vermədiyini Şura üzvlərinin diqqətinə çatdırıb.

Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekume­nik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopu­nun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direkto­ru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Di­aloq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, habelə Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albasete videokonfransda iştirak və çıxış ediblər.

Onlayn iclas məhsuldar keçib. Ümumi rəy bundan ibarət olub ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin imkan daxilində qismən də olsa, can­lı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.

16 Sentyabr 2020 02:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə