Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynalı deputat: Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır

Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və bu onu göstərir ki, Ermənistan özünün belə hərəkətləri ilə Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlara qəsdən ziyan vurur. Beləliklə, Ermənistan yaranmış vəziyyətin dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərir.

Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları Dağlıq Qarabağ ərazisinin qeyri-qanuni şəkildə məskunlaşdırılmasını Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə istinadla izah edə bilərlər. Həmin maddədə deyilir ki, hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Lakin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin normalarını genişləndirən və izah edən Mülki və Siyasi Hüquq­lar haqqında Beynəlxalq Pakt adlı sənəd də möv­cuddur. Məsələn, həmin Paktın 12-ci maddəsində göstərilir ki, hansısa dövlətin ərazisində qanuni olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yayış yerini sərbəst seçmək hüququna malikdir. Bu maddənin mətnindəki “qanuni” kəlməsi açar sözdür. Yəni, Azərbaycan ərazisinə köçürülənlər Azərbaycanda qüvvədə olan bütün qanuni qaydalara riayət etməyə borcludurlar, çünki Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisidir.

Ukrayna Ali Radasının deputatı daha sonra deyib: “Bu köçkünlər anlamalıdırlar ki, Dağlıq Qarabağın ərazisi Azərbaycan hökumətinin idarəsi altına qaytarılanda köçkünlər Azərbaycan Res­publikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq özlərinin həmin ərazidə olma­larını lazımi şəkildə qanuniləşdirməyə borclu olacaqlar, əks halda, onlar deportasiya edilə bilərlər.

Mən beynəlxalq təşkilatları Dağlıq Qa­rabağ ərazisində qeyri-qanuni fəaliyyətin, o cümlədən, bu regionun qeyri-qanuni şəkildə məskunlaşdırılmasının qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırıram. Münaqişə tərəfləri bu münaqişənin tezliklə başa çatması və bütün fikir ayrılıqlarının nizamlanması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməlidirlər. Ukrayna Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünü, toxunulmazılığının və suverenliyinin tərəfdarı olaraq qalır”.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

16 Sentyabr 2020 02:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə