Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KÖÇ: Beyrutdan Şuşaya deyil, Şuşadan İrəvana...

Azərbaycan Respublikasının Ermənistanın işğalı altındakı ərazilərində, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində düşmənin qanunsuz hərəkətləri, demək olar, aralıqsız davam edir. Bu, zaman-zaman müxtəlif formalarda təzahür edib və əlbəttə, bütün hallarda işğal faktından sui-istifadədir. Bu sui-istifadəyə, abidələrin dağıdılması, toponimlərin dəyişdirilməsi, qanunsuz infrastrukturlaşdırma, o cümlədən qeyri-qanuni məskunlaşdırma və s. da­xildir. Bu günlərdə qeyri-qanuni məskunlaşdırma faktları yenidən ön plana çıxıb. Livanın paytaxtı Beyrutda avqust ayın­da baş vermiş partlayışdan və humanitar fəlakətdən sonra, işğalçı Ermənistan “soydaş təəssübkeşliyi və həmrəyliyi” nümayiş etdirərək, erməniləri Qarabağa köçürməyə başlayıb.

Rəsmi məlumata görə, Livan əhalisi 3 milyon 759 min 136 nəfərdir. Onlardan 116 min 214 nəfəri ermənidir. Ermənilərin 88 min 601 nəfərinin qriqoryan, 20 min 259 nəfərinin katolik, 7 min 354 nəfərinin isə protestant olduğu bildirilir. Erməni toplumu Livan parlamentində 6 qriqoryan deputatla təmsil olunur.

Bəs bizim üçün vacib olan mövzuda, ilk növbədə, nələri fərqləndirmək olar? Birincisi, ermənilərin Ermənistana aid olmayan bir qeyri-sabit şəhərdən, yenə Ermənistana aid olmayan və müharibə alovunun hər an qalxa biləcəyi başqa bir şəhərə köçürülməsi qeyri-humanitar xarak­ter daşıyır. Bunu “soydaş təəssübkeşliyi, həmrəyliyi” pərdəsinə bürümək düzgün sayılmaz. Çünki sən, xilasedicisənsə, kö­çürdüyün adamlar, ailələr daha təhlükəsiz yerə köçürülməlidir. Daha təhlükəsiz deyərəkən, məsələn, beynəlxalq hüquq normalarının qorunduğu, işğal altında olmayan yaşayış məntəqələri ola bilərdi. Qeyd edək ki, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində o qədər tərk edilmiş kəndlər, yaşayış məntəqələri var ki…

Digər tərəfdən, Ermənistan hakimiyyəti daşıyacağı yükün altına girməlidir. Ermənistan qlobal oyun­çu deyil, buna onun nə ərazisi, əhalisi, iqtisadi imkanları, nə də dövlətçilik ənənəsi, hərbi və intellektual potensialı imkan verir. O halda, bu cırtdan dövlət Livandan Azərbaycan ərazisinə köç təşkil etmək kimi qeyri-qanuni marşrutlardan çəkinməlidir. Ermənistanda ağlı başında olanlar Livandan, yaxud başqa bir gərgin bölgədən Qarabağa köçü deyil, elə Qara­bağın özündən erməni köçünün təşkilinin texniki tərəflərini düşünməli, bunu təmin etməlidir. Çünki sonra gec olacaq. Məsələn, o ermənilər ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak edib, o ermənilər ki, azərbaycanlılara silah qaldırıb, onların Qarabağdan çıxarılıb, Ermənistana, yaxud başqa bir əraziyə köçürülməsini düşünə bilərlər (bu o demək deyil ki həmin ermənilər nə zamansa, istin­taqa cəlb edilməməlidir). Yoxsa, miqrasi­ya, qaçqınlar və məcburi köçkünlərə dair beynəlxalq hüquq qayda və normalarını gözardı edib, xəstə təxəyyüldən irəli gələn “plan-proqram”da inad edərlərsə, özlərini dərin bir quyu kənarına gətirəcəklər. Əlbəttə, biz Ermənistanın quyuya düşməməsi qayğısı ilə yaşamırıq, hər ölkə, xalq öz yolunu özü seçir, işğalçıların da ədalət mühakiməsi qarşısında cavab vermələri qaçılmazdır.

Bəli, livanlı ermənilərin işğal edilmiş ərazilərə köçürülməsi həm qeyri-qanuni, həm də səbatsız hərəkətdir. Bu, erməniləri fəlakətdən qurtarmaq deyil, yeni fəlakətə düçar etməkdir.

İkincisi, ortada məhz işğal faktı var – BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalla bağlı hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul qəbul edilib, başqa beynəlxalq sənədlər var... Beynəlxalq hüquqa görə, işğalçı­nın işğal faktından sui-istifadə etməməli olduğu hər kəsə bəlli bir normadır. Guya, Ermənistanın “demokrat libaslı”, işğalçı zehniyyətli hökumət başçısı və onun siyasi həmfikirləri bunu bilmir?

Digər tərəfdən, bu, Livanda baş vermiş məlum partlayış fəlakətinin nəticələrindən sırf sui-istifadə cəhdidir. Bu ortamda, işğalçının sülhyaratma missiyasının işində guya, iştirakı da acı gülüş doğurur. Ermənistanın etdiklərinin heç bir bəraəti, ağardılma imkanı yoxdur. Ermənistanın hüquqsuz hərəkətləri və sülhə münasibətdə hərəkətsizliklərinin ağıl və məntiqlə izahı çətindir. Uzun illərin dözümü, işğala məruz qalan tərəf olsaq da sülh danışıq­larına sadiqliyimiz, demək olar, heç bir müsbət nəticə vermir. İyul ayında dövlət sərhədinin Tovuz istiqamətində yaşananlar Ermənistanın qeyri-ciddi bir rejimə malik olduğunu bir daha göstərdi.

Beyrutda baş vermiş məlum partla­yışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya birliyinin Livana dəstəyi fonunda, işğalçı Ermənistanın növbəti çirkin həmləsi yalnız səbatsızlıq, hüqu­qu çeynəmə deyil, mənəviyyatsızlıqdır. Faciəli şəkildə ölənlərin ağrı-acısı üstündə məkrli siyasi oyun qurmağı mənəviyyatsızlıqdan daha aydın hansı sözlə ifadə edə bilərik?

Yaranmış şəraitdə Livan rəhbərliyinin öz vətəndaşlarını xəbərdar etməyə çalışma­sı və köçürülənlərin fərqli informasiya ka­nallarında və fərqli dillərdə (erməni, ərəb, fransız…) xəbərdar edilməsi, Ermənistanın məkrli məqsədinin əsl mahiyyətinin açıqlanması vacib addım ola bilərdi. Yenə ermənicə, rusca, ingiliscə, başqa dillərdə işğal altındakı torpaqlarımızda məskunlaşdırılmış və ya daha öncədən məskunlaşmış erməniləri onları gözləyən fəlakətlər barədə məlumatlandırmaq, onları qeyri-qanuni məskunlaşmadan mümkün qədər çəkindirmək hələ gec deyil.

Öz işğal siyasətini daha da möhkəmlətməyə çalışan Ermənistanın iç üzünü hər platformada açmalı, tökməliyik. Bu, bizim haqlılığımızın təsbitidir, bu, qanunsuz miqrasiyanın beynəlxalq hüquq normaları və sülhyaratma missiyası ilə uyğunsuzluğunu bir daha beynəlxalq miqyasda duyurmaqdır. Ona görə də, məhz hücum diplomatiyasına xidmət edən addımlarla çıxış edilməsi alternativlərin ən yaxşısıdır.

Əkbər QOŞALI, Milli QHT Forumu İdarə Heyətinin üzvü

16 Sentyabr 2020 02:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə