Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəxr edirik ki, Azərbaycan və Türkiyə birlikdə inkişaf edir, birlikdə güclənir

Sentyabrın 15-i Azərbaycan və Türkiyə arasında əbədi körpünün salındığı bir gündür. Böyük sərkərdə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordu­sunun azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirdiyi Bakının işğaldan azad olunması missiyası tarixə qızıl hərflərlə yazılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Qafqaz İslam Ordusunun Azərbaycanda ayaq qoyduğu hər yerdə xalqın böyük sevgisi ilə qarşılandığını diqqətə çatdıran Şamil Ayrım deyib: “Qəhrəman övladlarımız 102 il əvvəl Bakını düşmən işğalından azad edərək qanları və canları ilə bizə böyük bir miras əmanət ediblər. Hər zaman olduğu kimi, şəhidlərimizi rəhmətlə anırıq. Fəxr edirik ki, indi Azərbaycan və Türkiyə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq birgə inkişaf edir, birlikdə güclənir, birlikdə böyük bir coğrafiyada rifaha və tərəqqiyə töhfələr verir”.

Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezi­dent Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən dostluq qrupunun rəhbəri əminliklə ifadə edib ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək və regionumuza daha böyük faydalar gətirəcək.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

16 Sentyabr 2020 02:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə