Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının azad edilməsi türk dünyasının böyük zəfəri id

Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçı­lardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birini dəstəkləyirlər. Bu günlərdə Pre­zident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olun­muş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti


Əcdadlarımızın “küləklər şəhəri” adlandırdığı Bakının üzərindən nə qədər həzin, mülayim, nə qədər sərt, amansız küləyin keçdiyini bilən də yoxdur, ehtimal edən də. Ancaq bu şəhərin üstündən keçən elə küləklər olub ki, onu yüz illər boyu unutmaq, yaddan çıxartmaq mümkün deyil. 1918-ci il sentyabrın 15-də Bakıda Türk bay­raqlarını dalğalandıran həzin küləyi də heç kəs unuda bilməz, 1990-cı il yanvarın 20-nə keçən gecə pay­taxtımızda əsən “qanlı və amansız küləkləri”də.

Azərbaycan xalqının belə küləkləri unutmamasının nəticəsidir ki, paytax­tımızın Azadlıq meydanı son yüz ilin ən möhtəşəm tədbirinə məhz 2018-ci il sentyabrın 15-də şahidlik etmişdir. Həmin gün orada Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olun­muş parad keçirilirdi. Təşkilatçılar Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyev, Türkiyə Respublikası­nın Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da iştirak etdiyi həmin hərbi tədbirdə milli tariximizin 100 il əvvəlki şanlı səhifəsini məhz olduğu kimi canlandırmağa çalışmış və nail olmuşdular. O gün biz 100 il əvvəl – 1918-ci il sentyabrın 15-də Bakıda qardaşın qardaşa əl uzat­dığı, kömək etdiyi, dəstək verdiyi proseslərin şahidinə çevrildik. O gün mətbuat təmsilçiləri yazırdılar ki, qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli lideri­miz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan–Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir.

Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də yüz il əvvəlki möhtəşəm dəstəyin təkrarlanmasından qürur duyduğunu dilə gətirmişdi: “Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bun­dan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk ba­cı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram”.

Bu bir faktdır ki, Prezident İlham Əliyev türk bacı və qardaşlarımıza olan salam və ehtiramlarını, az qala, dünyanın bütün tribunaların­dan səsləndirir. Dünyanın bütün ölkələrinin təmsilçiləri qarşısında, türk düşməninin gözünə baxa-baxa beynəlxalq tribunadan “Türkiyə bura­da yoxdur, mən buradayam!” – deyə möhtəşəm təəssübkeşlik nümayiş etdirən Azərbaycan Prezidenti bütün türk dünyasında alqışlanmışdı. Nə xoşdur ki, biz dövlət başçımızın bu qətiyyətinin qarşılığını cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dilindən də eşidirik. Özü də dəfələrlə.

Xatırladaq ki, müsəlman Şərqində ilk parlamentli respublika yaratmış xalqımız müstəqilliyin ilk illərində böyük çətinliklərlə üz-üzə idi. Hökumət öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və ətrafı da işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərirdi. Qafqaz İslam Ordusunun Azərbaycana və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Yazılan minlərlə qəzet-jurnal materiallarında, yüzlərlə rəsmi bəyanatlarda deyildiyi kimi, Azərbaycan xalqı həmin tarixi günləri heç vaxt unutmayacaq və unutmur. Xalqımız o günlərdə Bakıda şəhid olmuş türk əsgər və zabitlərinin əziz xatirəsini daim öz qəlbində yaşa­dır və yaşadacaqdır.

Çünki məhz Bakının azad edilməsindən sonra Azərbaycan xalqının qədim şəhəri öz əsl sahibinə qayıtmışdır. İndi nəinki bütün bakı­lılar, hətta bütün azərbaycanlılar bu fikirdədirlər ki, Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımı­zın qəhrəmanlığı, dostluğu unudul­mazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır. Tarixi sənədlərdə göstərilir ki, məlum zəfərdən sonra qəhrəman türk əsgərləri Bakı küçələrinə zəfər yürüşünə çıxmışlar. Minlərlə Bakı sakini onları alqışla­yırdı, onları bağrına basırdı. Bu, bir birlik bayramı idi.

Prezident İlham Əliyev 2018-ci ildəki paradda xatırladırdı ki, bu gün də minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir: “Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri yox, bütün dünya gö­rür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soyda­şımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir”.

Həmin gün türk dünyası, sözün həqiqi mənasında, öz tarixinin ən gözəl günlərindən birini yaşayırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı isə həmin gözəlliyi on dəfələrlə artırmaq iqtidarında idi: “Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğ­runda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”.

Türkiyə Prezidenti həmin gün Bakıdan bütün dünyaya səslənmişdi ki, 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyildi: “Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dost­luğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik.”

Biz fəxr edirik ki, 102 il əvvəl olduğu kimi, bu gün də Türkiyə Azərbaycanın yanındadır. Azərbaycan xalqı yaxşı bilir ki, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün apardığımız mübarizədə Türkiyənin mövqeyi məlumdur, aydındır, dəqiqdir. Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan edir: “Bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qarda­şımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir… Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu tor­paqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik!”.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə