Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Kimya Sənaye Parkının səmərəli fəaliyyəti sənayeləşmə strategiyasının uğur göstəricisidir

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çü­rümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin olunması və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət yeti­rir, bu sahəyə marağın və onun nüfuzunun artırılmasına xüsusi həssaslıqla yanaşır. Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən “Azərbaycan Res­publikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi də bunun bariz ifadəsidir.

Artıq respublikada ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülür, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri gücləndirilir, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə peşə təmayüllü siniflər açılır.

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videofor­matda qəbul edərkən, bu sahənin ölkənin inkişafı üçün mühüm önəm daşıması barədə deyib: “Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaq­lar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır”.

Dövlətimizin başçısı daha sonra son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbinin açıldığını, həmin tədris müəssisələrinə orta məktəbdə yaxşı oxuyan uşaqların üz tutduqlarını diqqətə çatdı­rıb. Ölkə rəhbəri belə vəziyyəti qiymətləndirmənin əhəmiyyətini xatırladaraq, bu yolla peşəkar kadr hazırlığını inkişaf etdirməyin zəruriliyini vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, hazırda ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı iqtisadi tərəqqiyə uyğun inkişaf edə bilmir. Bunun nəticəsində son illər ərzində yaradılan bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər or­qanlarda təmsil olunurlar: “Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadr­ların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır”.

Prezident İlham Əliyev sentyabrın 14-də açılışında iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olarkən yuxarıda qeyd edilən məsələ ilə bağlı ətraflı danışı­lıb. Həmçinin bu müəssisənin təhsil proqramının beynəlxalq təcrübə nəzərə alınmaqla hazır­landığı diqqətə çatdırılıb. Qeyd edilib ki, tədris prosesinə Sum­qayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizinin Sumqayıt Kimya Sənaye Parkı­nın müəssisələrində keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Sumqayıt Kimya Sənaye Par­kının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsus­da fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə stra­teji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşı­lanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində, tələbələr də Sumqayıt Kimya Sənaye Par­kının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqti­sadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensi­alının yüksəldilməsi, ümumilikdə, neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sum­qayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikadan da görmək olar. Belə ki, 2019-cu ilin birin­ci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Par­kında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Prezident İlham Əliyev Sum­qayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olarkən qeyd edib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Şəhərin potensialı getdikcə güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Bu müəssisəyə də böyük investi­siya qoyulub və bu, respublika­nın şüşə ilə təminatına əminlik yaradır: “Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

Azərbaycan Prezidenti çıxışın­da mühüm bir məqama da toxu­nub. Bildirib ki, ölkənin neft yataq­ları nə vaxtsa tükənəcək. Düzdür, respublikada yaxın müddətdə həm yeni neft, həm də qaz yataqları­nın istismarına başlanılacaq. Bu zaman hasilat səviyyəsinin sabit qalmasına çalışılacaq. Ancaq əsas gəlir mənbəyi olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Bu boşluq, məhz, qeyri-neft sektoru hesabına təmin edilməlidir. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün, əlbəttə ki, ölkəyə keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün Azərbaycanın tədiyə balansı­nın müsbət səviyyədə saxlanması­nın əsas səbəbi neft-qaz amilidir. Amma bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldo əldə etməyə çalışmaq vacibdir. Ona görə də ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmalıdır.

Prezident İlham Əliyev çıxışın­da Sumqayıt Kimya Sənaye Par­kının ərazisinin genişləndirilməsi zəruriliyinə də toxunub: “ Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, – o yerlərin təmizlənməsi, kommunikasiya­ların çəkilməsi və digər lazımi məsələlər, – bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli inves­torları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxal­dan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”.

Dövlətimizin başçısı çıxışın­da daha sonra əvvəllər xaricdə yaşayan azərbaycanlı iş adamla­rına da Azərbaycana gəlib iqtisadi sahələrə vəsait qoymaları ilə bağlı müraciət etdiyini, bununla onların da vətəni olan Azərbaycanın daha da inkişaf edəcəyini, güclənəcəyini vurğulayıb: “Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşat­sınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana inves­tisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur”.

Yeri gəlmişkən, hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisinin, təxminən, 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyası­nın uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir.

Sonda qeyd edək ki, Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə ya­radılan Sumqayıt Kimya Sənaye Parkının hazırda 23 rezidenti var. Rezidentlər tərəfindən bura indiyədək 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 mil­yon ABŞ dollarından çox investisi­yanın qoyulması nəzərdə tutulub.

Xatırladaq ki, sənaye parkının rezidentləri qeydiyyata alındıq­ları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texno­loji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumla­rından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, bununla da, sahibkarların vəsaitlərini investisi­ya qoyuluşuna yönəltmələri təmin edilir.

Bu ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin – “Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı” layihəsi üzrə “AzerFloat” QSC və “Qurğuşun turşulu akkumulya­tor batareyalarının utilizasiyası” layihəsi üzrə “Azmonbat” MMC-nin istehsala başlaması planlaşdırılır.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə, bu sənaye parkın­da istehsal olunan 1,9 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 32 faizi ixrac edilib.

Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2013-cü ildə işə salınıb. Fəaliyyət göstərdiyi müddət ərzində yüksək nəticələr əldə edib. Bu yaxınlar­da MMC-nin texniki avadanlıqlar zavodunda daha bir məhsulun– Rusiya Federasiyasının sifarişi ilə avtodayanacaqlarda istifadə olu­nan çuqun töküm yağış barmaq­lıqların istehsalına başlanıb.

“Azertexnolayn” MMC-nin ha­zırda texniki avadanlıqlar zavodu ilə yanaşı, daha 2 müəssisəsi– po­lad boru və polietilen məmulatları zavodları da fəaliyyət göstərir. Bu müəssisələrdə qabaqcıl texnolo­giyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.

V.BAYRAMOV, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə