Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Sentyabrın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçin ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamillin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov səfir Kristian Kamilli təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplo­matik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk re­zident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.

Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. O, İsveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. Səfir dip­lomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən, siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli plat­formalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparıldı. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində bu ölkənin Xari­ci İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin iyulun 12–16-da hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son za­manlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini da­vam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verib. Nazir İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə edib.

Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qar­şılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC

16 Sentyabr 2020 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə