Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Fransa arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ikitərəfli münasibətlərin xü­susi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud mübadilə və təmasların qar­şılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Səfir Zakari Qros Fransa­nın Avropa və Xarici İşlər na­ziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bay­ramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xari­ci İşlər nazirinin azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Söhbət zamanı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa- Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsi qeyd olunaraq, bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan- Azərbaycan Dağlıq Qara­bağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nü­mayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dala­na dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alov­lanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə əraziləri 30 ilə yaxındır işğal altında sax­lanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanması bu ölkənin yeni təxribatlarda maraqlı olma­sının göstəricisi kimi vurğu­lanıb.

Səfir Zakari Qros Fran­sanın bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı ol­duğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ölkəsinin də narazı qaldığını qeyd edib.

Görüşdə habelə qarşı­lıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

16 Sentyabr 2020 02:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə