Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsilin inkişafı ilə bağlı islahatlar daim diqqətdə saxlanılır

Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pan­demiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son il 17 il ərzində ölkə qarşısında duran əsas strateji vəzifələrdən biri sosial-iq­tisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uy­ğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi, həmçinin əhalinin həyat səviyyəsinin yüksəldilməsi olub. Bunun üçün Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi prioritet istiqamət kimi diqqətdə saxlanılıb. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, respublikanın təhsil sisteminin başlıca vəzifəsini təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində bu gün sözügedən sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafına dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önəm verilib. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdı­rılan, təhsil sektorunun yol xəritəsi olan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib, ölkənin bütün regionların­da ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin dərslik və elmi-metodiki təchizatı, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı qaydaya salınıb. Bütün bunlarla bərabər, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçi­rilib.

Son illər ərzində təhsilin inki­şafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən bu sahəyə ay­rılan xərclər də əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, ötən il 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1,4 milyard manatdan 2,3 milyard ma­nata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artırılıb.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, son 5 ildə 600-dən çox, 2003–2018-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edi­lib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi real­laşdırılıb.

Görülən bu işlər bir tərəfdən gənclərin yüksək səviyyəli təhsil al­masına xidmət edirsə, digər tərəfdən onların daha hərtərəfli yetişməsi, nüfuzlu universitetlərdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır.

Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradıl­mış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaş­mağa sövq edir. Məktəb işi təkcə pedaqoji kollektivin üzərinə düşən vəzifə deyil. Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Hər bir təhsil oca­ğı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrult­malıdır. Təhsilli, vətənpərvər, hər hansı peşəyə sahib olan gənclər yetişdirmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir.

Azərbaycanda pandemi­ya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə olub. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə atılan addım­lar respublikamıza bu ümumbəşəri bəladan hazırkı dövrə qədər ən az zərərlə çıxmağa imkan verib. CO­VID-19 virusunun ölkəmizdə yayıl­dığı ilk gündən məktəblərdə təhsilin təşkili, təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilə ya­naşı, eyni zamanda, təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması əsas məsələ kimi diqqət mərkəzində saxlanılıb. Məktəblərdə dərslərin dayandırılması haqqında müvafiq qərar verildiyi vaxtdan paytaxt məktəblərində tədrisin məsafədən təşkili üçün praktik addımlar atılıb. Təbii ki, tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər əsas istiqamətverici amil olub. Qısa müddətdə teledərslər vasitəsilə tədris olunan məzmunun daha da möhkəmləndirilməsi məqsədilə məktəblərdə çalışan müəllimlərin böyük əksəriyyəti məsafədən təhsil verməyə başlayıb.

Təbii ki, bunun üçün müəllimlərin İKT-dən istifadə baxımından müvafiq kompitensi­yalara malik olması, uşaqlar üçün internetin, eləcə də zəruri texnolo­giyaların əlçatanlığı da mühüm rol oynayıb. Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkan­larının artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər məktəbliləri və valideynləri də bu işə səfərbər etməyə imkan verib. “Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün əlverişli şərait yaradılıb.

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində pandemiyaya qarşı mübarizə dövründə təhsilin inkişafı ilə bağlı deyilir: “Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz gö­rülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğur­lu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaq­lar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər”.

Dövlətimizin başçısı müraciətində məktəb tikintisinə də toxunub. Bildirib ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq Bilik Gününə hazır vəziyyətə gətirilib. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur.

Ölkə rəhbəri müraciətində 147 məktəbin 45-nin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edil­diyini xatırladaraq, artıq 17 ildir ki, adı çəkilən Fondun bu sahədə çox böyük işlər gördüyünü də diqqətə çatdırıb: “Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqra­mı çərçivəsində həll olunmuşdur”.

Xatırladaq ki, pandemiya şəraitinə baxmayaraq, paytax­tın ümumi təhsil məktəblərində yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb. Bir sıra ümumi təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılıb. Həmçinin ehti­yac olan ərazilərdə yeni məktəblər inşa olunub. Məsələn, 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun inşası, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.

Yeri gəlmişkən, xüsusi ka­rantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları artıq təsdiq olunub. Ümumi təhsil müəssisələrində dərs məşğələlərinin I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyab­rın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) forma­larda başlaması nəzərdə tutulub.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şa­gird sıxlığından asılı olaraq müəyyənləşdirilən qaydada təşkil ediləcək. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qoru­maları üçün şəxsi gigiyena qayda­larına ciddi riayət edilməsi tövsiyə olunur.

Buna görə də hər bir vətəndaş dövlət tərəfindən mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönələn tədbirlərə bundan sonra da dəstək verməlidir. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olma­ğa, təhsil sisteminin bu sınaqlardan da üzüağ çıxacağını söyləməyə əsas verir.

V.BAYRAMOV, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:08 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə