Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması müzakirə edilib

Azərbaycan, Əfqanıstan və Türkmənistan ara­sında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə iyulun 27-də videokonfrans formatın­da keçirilmiş görüşün davamı olaraq sentyabrın 14-də alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, üç ölkənin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artı­rılması, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan tərəfindən DGK sədrinin birinci müavini, gömrük xidməti general-ley­tenantı İsmayıl Hüseynov, Əfqanıstan tərəfindən Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat, Türkmənistan tərəfindən Dövlət Gömrük Xidmətinin sədr müavini Muhammed Muhammedov, eləcə də hər üç ölkənin gömrük xidmətinin aidiyyəti qurum­larının nümayəndələri iştirak ediblər.

Tədbirdə Əfqanıstanın Gəlirlər və Gömrük üzrə nazir müavini E.Qudrat gömrük və sərhəd məsələləri üzrə komitənin yol xəritəsini ha­zırladıqları üçün Azərbaycana xüsusi təşəkkürünü bildirib. O, yol xəritəsinin hər üç ölkədə gömrük və sərhəd məsələlərinin həllinə yönələn əməkdaşlıq çərçivəsinin hazırlanmasına mühüm dəstək olacağını qeyd edib. Əfqanıstan tərəfi yol xəritəsi ilə bağlı gömrük infrastruk­turunun təkmilləşdirilməsi, insan müdaxiləsini azaltmaq­la gömrük əməliyyatlarının sürətləndirilməsi, gömrük xidmətinin ən son texnologi­yalar ilə təmin edilməsi, üç ölkənin gömrük xidmətləri ara­sında məlumat mübadiləsinin aparılması, quru limanla­rının layihələndirilməsi və modernləşdirilməsi, həmçinin “TIR” parklarının yaradılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Görüşdə çıxış edən DGK sədrinin birinci müavini İ.Hüseynov Dövlət Göm­rük Komitəsi tərəfindən gömrük nəzarəti və rəsmiləşdirilməsində istifadə edilən vahid avtomatlaşdırıl­mış idarəetmə sistemi barədə məlumat verib, Azərbaycan gömrük xidmətinin ilkin məlumat mübadiləsi sahəsində geniş təcrübəyə malik oldu­ğunu və “Azərbaycan Res­publikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Res­publikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti ara­sında Saziş”in imzalandığını və belə sənədin Əfqanıstanla da imzalanmasının qeyd olunan sahədə həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın Rusiya, Ukray­na, İran və Gürcüstanla ilkin məlumat mübadiləsi mexaniz­minin mövcud olduğunu da qeyd edib.

Türkmənistan tərəfi tədbir zamanı yol xəritəsinə ikitərəfli anlaşma memorandumu və ya saziş üçün tədbirlər planı ha­zırlamaq, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün daimi işçi qrup yaratmaq və ilkin ola­raq qadağan olunmuş malların siyahısını mübadilə etməklə bağlı təkliflər irəli sürüb.

Görüş zamanı yol xəritəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və növbəti görüşdə müzakirə olunacaq məsələlər barədə razılıq əldə olunub.

16 Sentyabr 2020 02:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə