Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiyaya birlikdə və qaydalara əməl etməklə qalib gələ bilərik...

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Ölkələr üzrə virusa yoluxma sayı 29 milyonu ötüb, pandemiya qurbanlarının sayı isə 929 mindən artıqdır. Dünya miqyasında COVID–19 xəstəliyindən sağalanların sayı isə 21 milyonu ötüb. Ən çox xəstənin sağaldığı ölkələr ABŞ (3 milyon 974 min 949 nəfər), Hindistan (3 milyon 780 min 107 nəfər), Braziliya (3 milyon 573 min 958 nəfər), Rusiya (876 min 225 nəfər) və Kolumbiyadır (599 min 385 nəfər).

Ölkəmizdə də yoluxma və sağalma statistikasına nəzər sal­dıqda müsbət dinamika görürük. Sentyabrın 16-dək 1 milyon 20 min 29 test aparılmış, 38 min 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdir. Onlardan 35 min 998 nəfər müalicə olu­naraq sağalmış, 566 nəfər vəfat etmişdir. Rəqəmlərdən görün­düyü kimi, Azərbaycan dünyada koronavirusla mübarizədə az itki verən ölkələrdəndir. Etiraf etməliyik ki, bu nəticəyə dövlət başçısının pandemiyaya qarşı mübarizədə apardığı qabaqlayı­cı tədbirləri, qətiyyəti, iradəsi, əzmi sayəsində nail olunub. Əgər pandemiyanın başlandığı ilk vaxtlarda dövlət və hökumət tərəfindən bəzi ölkələrdə olduğu kimi bu məsələyə başdansovdu yanaşılsaydı, sərhədlər gec bağ­lansaydı, təhsil müəssisələrinin fəaliyyətinə ara verilməsəydi, çoxsaylı müəssisələrin işi da­yandırılmasaydı, indi ölkəmizdə koronavirus qurbanlarının sayı qat-qat çox olardı.

Vətəndaşın sağlamlı­ğını hər şeydən öndə tutan Azərbaycan Prezidenti İlham Əliyev pandemiyaya qarşı mübarizə üçün zəruri olan bütün tədbirləri müdrikliklə həyata keçirdi. Müayinə üçün çox vacib və ölkəmizdəki cəmi 6 ədəd olan laboratoriyanın sayını artırdı, ən müasir laboratori­yaları Azərbaycana gətizdirdi. Paytaxtda və bölgələrdəki tibb müəssisələri pandemik xəstəxanalara çevrildi. Yeni xəstəxanalar açıldı, modul tipli xəstəxanalar quraşdırılaraq xəstələrin istifadəsinə verildi və 46 tibb müəssisəsində və 10 modul tipli xəstəxanada fədakar Azərbaycan həkimləri COVID –19 -la mübarizəyə qalxdılar.

Dövlət başçısı bu mübarizənin önündə dayana­raq, vacib olan bütün tədbirləri gördü ki, insanlarımız arasında yoluxma az olsun. Tibbi maska və kombinizon istehsal edən müəssisələrin işə salınması ilə, əhalinin maska ehtiyacı ödəndi. Yaşlı insanların evdən bayıra çıxmaması üçün qadağalar tətbiq edildi. Azimkanlı ailələrə ərzaq yardımları çatdırıldı, işləməyən və iş yerləri müvəqqəti bağla­nanlara 190 manat məbləğində vəsait ödəndi. “Biz birlikdə güc­lüyük” şüarı ilə ölkənin imkanlı vətəndaşları, sahibkarlar könüllü olaraq aztəminatlı ailələrə yar­dımlar etdilər.

Bu tədbirlər öz nəticəsini yoluxmaların sayının azalmasın­da göstərdi. Operativ qərargah mərhələlərlə məhdudiyyətləri yumşaltmağa başladı. Artıq ölkədə bir çox müəssisələr fəaliyyətini davam etdirir.

Son yumşalmalara görə, sentyabrın 8-dən müvafiq karan­tin qaydalarına əməl etməklə, ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verildi.

Toy, yas mərasimlərinin və digər kütləvi tədbirlərin keçirilməsinə qadağaların hələ qalmasına baxmayaraq, Azərbaycanda karantin qay­dalarının yumşaldılması ilə restoran və kafelərin fəaliyyəti, pandemiyadan əvvəlki kimi olmasa da, bərpa olundu. Ope­rativ qərargahın bundan öncəki yumşalmalar vaxtı müəyyən məhdudiyyətlərlə axşam saat 22.00-a qədər bu obyektlərin açıq havada fəaliyyətinə icazə verilmişdi. Yeni qərarla isə yenə bəzi qaydalara əməl edilməsi şərtilə, qapalı kafe və restoranlar da işə başlayıb. Bu müəssisələr pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri olduğu üçün burada fəaliyyət göstərən sahibkarlar qaydalara tam əməl olunmaqla, gündəlik normal iş həyatına davam etməyə alışmalıdırlar. Artıq bir aydır ki, açıq havada işləyən bütün ailəvi istirahət mərkəzləri, res­toran, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər aparan müəssisələr fəaliyyət göstərir.

Pandemiya dövründə gündəmə gələn yeni tələblərə görə, təkcə ictimai-iaşə obyektlərinə deyil, marketlərə, banklara, fəaliyyət göstərən bütün qurumlara daxil olarkən hərarət ölçülür və dezinfeksi­yaedici məhlul təqdim olunur. Eynilə də restorana girən müştərilərin obyektə maska ilə daxil olması, maskası olma­yan insanlara maska təqdim edilməsi, girişdə əllərin dezin­feksiya olunması üçün antiseptik məhlulların yerləşdirilməsinə nəzarət edilməlidir. Hər iki tərəf – həm müştəri, həm obyektdə çalışanlar pandemiya şərtlərinə əməl etməlidirlər. Bu zaman qarşılıqlı nəzarət çox vacibdir.

Qeyd edək ki, əslində, sanitar-gigiyenik qaydaların əksəriyyətinə pandemiyadan sonrakı illərdə də – həmişə əməl olunmalıdır. Bura masaların, qab-qacağın təmizliyi, mütəmadi dezinfeksiyası, aşpazların və xidmət personalının sağlamlıq arayışlarının olması və şəxsi gi­giyena aiddir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maska­nın çənəyə endirilməsi, yaxud, tamamilə ağızdan çıxarılması yolverilməzdir.

Qeyd edək ki, bu qaydala­rın hamısı insanların sağlam­lığına, virusdan qorunmağa istiqamətlənib.

Fəaliyyətinə icazə verilən sahələrdən biri də təhsil və məktəbəqədər təhsil müəssisələrinin açılmasıdır. Burada da qaydalara ciddi əməl edilməli, operativ qərargahın tələbləri yerinə yetirilməlidir. Sentyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri və Ab­şeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, ölkənin digər şəhər və rayon­larındakı məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə icazə verilib. Fəaliyyəti saxla­nılan bağçaların bir qədər gec, 1 oktyabr tarixindən açılma­sının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olması ilə əlaqələndirilir. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə izah olunur. Hazırda bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılırlar. Onlar bu dövrdə daha çox məşğələlərə üstünlük verəcəklər ki, uşaqların bir-biri ilə çox yaxın təmasına şərait yaranmasın. Eyni zaman­da, qruplarda oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunmalıdır.

Məktəblərdə isə müəllimlərin özlərini korona­virusa yoluxmaqdan qoruması üçün sinifdə dərs zamanı adi tibbi maska yox, xüsusi filtrli N95 KN93 tipli maskalardan istifadə edilməli, onların üzü hər 3 saatdan bir dezinfeksiya edilən şəffaf ekranla bağlanma­lıdır. Uşaqlarla istənilən təmasda ara məsafəsinin 2 metr olması təmin edilməli, müəllimlər əllərini jurnal, uşaqların kitabı, dəftərinə əlcəklə toxundur­malı, uşaqların başı üzərində çox dayanmamalı, əllə onların üzünə, burnuna, başına toxun­mamalıdırlar. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfek­siya edilməli, adi maska hər 2 saatdan bir, N95 isə 10 saatdan bir dəyişməlidir. Hər dərsdən sonra əllər isti su və sabunla yu­yulmalı, hər 2 saatdan bir təmiz havaya çıxıb maskasız tənəffüs alınmalıdır. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açıl­malı, otaqlar havalandırılmalıdır.

Bütün bu tədbirlər, qa­dağalar, tələblərin hamısı yoluxmanın qarşısını alma­ğa istiqamətlənib. Bir sıra məhdudiyyətlərin qaldırılması hələ karantin rejiminin bitməsi demək deyil. Ona görə də qo­yulan bütün qaydalara, tələblərə əməl etməliyik ki, fəaliyyətinə icazə verilən müəssisələr yenidən qapadılmasın. Bir şey ki, bizim özümüzdən asılıdır, niyə ona əməl etməyib vəziyyəti gərginləşdiririk? Bir olaq, güclü olaq, pandemiyaya gücümüzlə qalib gələk!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:04 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə