Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Sentyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şü­kürov KİV nümayəndələrinə müsahibəsində bildirib: “Yaşıllıq­ların şəhər ətrafındakı insanların sosial həyatı və sağlamlığı üçün faydasını nəzərə alaraq, ictimai birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən abadlaşdırmaya ehtiyacı olan həyətlərin, parkların və meydançaların bərpasına, yaxşı­laşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi həyata keçirilir. Layihə başlayandan etibarən bizə yüzlərlə vətəndaşdan müraciət daxil olub. Bu müraciətlərə ardıcıl olaraq baxılır və on­lar qiymətləndirilir. Hazırda pandemiya ilə əlaqədar bəzi yubanmalar, gecikmələr olub. Amma artıq bütün işlər bərpa olunub. Ümidvaram ki, biz yaxın zamanlarda bir çox belə gözəl açılışlar edəcəyik və insanların abad yerdə, açıq havada vaxt keçirməsinə şərait yaratmağa öz töhfəmizi verəcəyik”.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud olan insanların da rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zaman­da, ərazidə 8 çardaq inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraq­ları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları qu­raşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıq­ların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə, 30 ağac əkilib və 1330 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktik tədbirlər həyata keçirilib, dezinfeksiya dispenserləri qoyulub, karantin rejimi qayda­larına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Sözügedən layihənin Bakı­nın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

16 Sentyabr 2020 01:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə