Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair-publisist Akif Əhmədgilin Nuru paşa sevgisi

İstedadlı şair-publisit Akif Əhmədgil Bakının azad edilməsinin 102-ci ildönümü günündə Yeni Yasamalda səyyar kitab sərgisi təşkil edib.

Yaradıcılığında türk birliyi mövzusuna tez-tez üz tutan Akif Əhmədgilin Azərbaycan – Türkiyə qardaşlığının 102 il əvvəlki Bakı zəfəri ilə bağlı yaşadığı məhəllədə – 11-ci binanın həyətində, pandemiya tələblərini nəzərə almaqla, keçirdiyi tədbir istedadlı söz adamının qəhrəman Nuru paşaya sevgisini ifadə etməklə yanaşı,  sakinlər və  dost-tanışlar üçün  şanlı tarixi anım gününə çevrilib.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycan Yazıçılar Birliyinin, bir qrup deputatın və yazarın dəstəyi ilə yaşadığı ünvanda məhəllə kibaxana-köşkü yaradan Akif Əhmədgil yeni işıq üzü görmüş məfkurəvi kitabları oxuculara yaxınlaşdırmaq missiyası ilə yanaşı, vaxtaşırı vətənpərvərliklə bağlı ayaqüstü tədbirlər də təşkil edir. Növbəti səyyar məhəllə görüşünü Bakının azad edilməsinin ildönümünə həsr edən soydaşımız rəssam dostu Teyyub Alakolluya Qafqaz İslam Ordusunun əvsanəvi komandanı Nuru paşanın portretini çəkdirərək Azərbaycan bayrağı ilə yan-yana kitabxana-köşkün qarşısına qoyub, ətrafında isə bu qəhrəmanlıqdan və öyünclü türk tarixindən bəhs edən nəşrləri sərgiləyib.

Saat 11-dən başlayaraq məhəllə sakinləri, şair-publisistin dost-tanışları, gigiyenik məsafəni gözləməklə, Nuru paşanı anım gününün iştirakçısı olublar. Onlar  Bakının azad edilməsində qurban getmiş şəhidlərin xatirəsini və qalib türk hərbçisinin tarixi rəşadətini ehtiramla yad ediblər. Türklük mövzusunda dəyərli əsərlərin müəllifləri olan şairlər-- Elxan Zal Qaraxanlı guşəni ziyarət edənlərlə türk xalqlarının tarixdəki qəhrəmanlığı barədə söhbətlər aparıb, Yusif Nəğməkar isə müəllifi olduğu “Azərbaycan türk bayrağı” poemasının audioyazısını tribun bədii qiraətçi Ağalar Bayramovun ifasında səsləndirib.

Ağır pandemiya şəraitində yaşamağımıza baxamayaraq, bu gün Azərbaycanın hər yerində mümkün olan formalarda keçirilən tədbirlər  bir daha göstərir ki, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə paytaxt seçilmiş Bakını 1918-ci il sentyabrın 15-də yad-yabançı ünsürlərdən, milli düşmənlərdən azad etməsini müstəqillik illərində hər bir soydaşımız dövlətçiliyimizin bərpası tarixinin misilsiz qəhrəmanlığı kimi öyünc və minnətdarlıqla  xatırlayır, bu hünərə Azərbaycan – Türkiyə qardaşlığının şanlı örnəyi olaraq sədaqətini ifadə edir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

15 Sentyabr 2020 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə