Ən son xəbərlər
Türkiyənin kənd təsərrüfatı və meşə sənayesi naziri Bəkir Pakdəmirli Rusiyada səfərdədir. O, Moskvada keçirilən “Qızıl payız” beynəlxalq aqrar-sənaye sərgisində iştirak edir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Dünən türkiyəli nazir tədbir çərçivəsində Rusiya baş nazirinin müavini Aleksey Qordeyevlə görüşüb. Tərəflər Türkiyə ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən aqrar sektorda əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu vurğulayıblar.
B.Pakdəmirli görüşdən sonra jurnalistlərə deyib ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağı tapşırıblar. Nazir hesab edir ki, mövcud potensialdan səmərəli istifadə etməklə bu vəzifənin öhdəsindən uğurla gəlmək mümkün olacaq.
B.Pakdəmirli sonra qeyd edib ki, Türkiyə ilə Rusiya arasında ticarət sahəsində bir sıra maneələr mövcuddur. Onun sözlərinə görə, həmin maneələrin aradan qaldırılması hər iki ölkə liderinin qarşıya qoyduğu hədəfə çatmağa şərait yaradacaq. Türkiyəli nazir Türkiyə ilə Rusiya arasında vizasız rejimin tətbiq olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda bildirək ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hazırda 22 milyard dollar təşkil edir. Türkiyə Rusiyadan daha çox neft, taxta-şalban ixrac edir. Rusiya isə Türkiyədən ən çox tekstil məmulatları, meyvə-tərəvəz və s. alır.
M.HACIXANLI,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin