Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 20 ildə təbii fəlakətlər nəticəsində 1,3 milyon insan həyatını itirib

Son 20 ildə təbii fəlakətlər nəticəsində 1,3 milyon insan həyatını itirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabata əsasən, son 20 ildə dünyada baş verən təbii fəlakətlər 1,3 milyon insanın ölümünə səbəb olub, 2,9 trilyon dollardan çox maddi zərər vurub.
Təşkilatın təbii fəlakət təhlükəsinin azaldılması üzrə idarəsinin məruzəsində qeyd edilir ki, 1998-ci ildən 2017-ci ilədək olan dövrdə təbii fəlakətlər səbəbindən dünya bazarlarının maliyyə itkiləri 251 faiz artıb.
Kataklizmlərdən zərər çəkmiş ölkələr 2 trilyon 908 milyard dollardan məhrum olublar. Təbii fəlakətlər ən çox ABŞ-a (994,8 milyard dollar), Çinə (492,2 milyard), Yaponiyaya (376,3 milyard) və Hindistana (79,5 milyard) ziyan vurub. Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi zərərə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.
Ümumilikdə, son 20 il ərzində dünyada 7 min 225 böyük təbii fəlakət baş verib və onların əksəriyyəti (fırtına, çovğun, tornado, qasırğa–müəllif) hava ilə bağlı olub. Həlak olanların yarıdan çoxu həyatını zəlzələlər zamanı itirib. Daha 4,4 milyard nəfər isə kataklizmlərdən müxtəlif şəkildə zərər çəkib – yaralanıb, evini itirib, məcburi köçkünə çevrilib, yaxud köməyə ehtiyac duyub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

11 Oktyabr 2018 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin