Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsullarının ixracı uğurla həyata keçirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi və inves­tisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilib. “Made in Azer­baijan” brendinin coğrafiyası genişləndirilib. Məhsullarımız bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılıb.

Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər Azərbaycanda qeyri-neft sektoru­nun inkişafına, eləcə də ixrac potensialının güclənməsinə müsbət təsir göstərib.

“Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, ölkə ərazisində istehsal edilən və istehsal prosesində istifadə olunan yerli komponentlərin, qeyri-neft məhsullarının dəyərindən qeyri-neft məhsullarının ixracını həyata keçirən şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti he­sabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycanın gömrük ərazisindən çıxarılmaqla faktiki ixracı reallaşdırılan bir sıra qeyri-neft məhsullarına şamil olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu ilin 8 ayı ərzində qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətə baxılıb və onlardan 627-nə məktub-sərəncam verilib. Bu dövr ərzində ixrac olunmuş məhsulların dəyəri 111 milyon ABŞ dolları, ixrac təşviqinin məbləği isə 6,3 milyon manat təşkil edib. Bu dövrdə ixrac təşviqi mexanizmindən 80 sahibkarlıq subyekti ya­rarlanıb və dünyanın 20 ölkəsinə ixrac təşviqi şamil olunan qeyri-neft məhsulları ixrac edilib.

İxracına görə ixrac təşviqi ödənilmiş məhsullar arasında qabığı təmizlənmiş meşə fındığı, təzə xurma və nar, şərablar və digər spirtli içkilər, konserv məhsulları, şirələr, mürəbbələr, souslar, pambıq ipliyindən hazırla­nan məmulatlar üstünlük təşkil edib.

Qeyd edək ki, 2016-cı il martın 1-dən tətbiq edillən ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində 2947 müraciət daxil olub, aparılan araşdırmalardan sonra 2883 məktub-sərəncam verilib. Bu dövr ərzində 365 milyon dolları dəyərində ixrac olunmuş məhsullara görə sa­hibkarlıq subyektlərinə 23,2 milyon manatdan çox ixrac təşviqi ödənilib.

İndiyədək ixrac təşviqi mexanizmindən yararlanan sahibkarlar öz məhsullarını Al­maniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveç, İtaliya, Kanada, Küveyt, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respubli­kası, Belarus, Çexiya, Çin, Fransa, Yaponiya və digər ölkələrə ixrac ediblər. İxrac təşviqi mexanizmi iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi, yaradılmış ixrac potensialın­dan daha səmərəli istifadə olunması, ixracat­çıların məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaradır.

Hazırda ixrac təşviqinin ödənilməsi pro­sesinin elektronlaşdırılaraq müvafiq məlumat bazalarına inteqrasiya olunması hesabına ixra­catçılar üçün daha rahat, həmçinin ödənilmiş vəsaitlərin səmərəli istifadəsinin təmin olunma­sı baxımından daha səmərəli mexanizm kimi təkmilləşdirilməsi üzərində işlər aparılır.

Qeyri-neft məhsullarının ixracının artmasın­da sahibkarlıq fəaliyyətinin genişləndirilməsi də önəmli rol oynayır. İqtisadiyyat Nazirliyində sahibkarlıq fəaliyyətinin diqqət mərkəzində saxlanılması, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması bunun bariz ifadəsidir. Məsələn, adıçəkilən nazirlikdə artıq özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alına­raq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması üçün investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Stra­tegiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.

“Xalq qəzeti”

13 Sentyabr 2020 16:50 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə