Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillərə diqqət və qayğı

Əlillərə diqqət və qayğı

5 rayon üzrə 125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq işlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanı olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da bu işlərdən biridir.

Tədbir çərçivəsində 125 nəfərdən 3 nəfərinə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı ağaclar, əsalar, dizliklər və s. verilib.

Xatırladaq ki, bu ilin 9 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 nəfər vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.

 

İ.Əmənullayev,
“Xalq qəzeti”

11 Oktyabr 2018 19:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin