Ən son xəbərlər

Son buraxılış
Arxiv

Botanika İnstitutu “Yaşıl dalğa” ekoloji hərəkatına dəstək verib

Botanika İnstitutu “Yaşıl dalğa” ekoloji hərəkatına dəstək verib

Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib. 

www.science.gov.az saytı yazır ki, Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş ekoloji aksiyanın məqsədi Azərbaycanın endem bitkilərini qorumaq və dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının qayğısına qalacaq gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.

Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, paytaxtın 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak ediblər.

AMEA-nın Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib. O, insanların təbiətə nəzarətsiz müdaxiləsinin yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxardığını diqqətə çatdırıb.

Sonda şagirdlərin adları yazılmış bəzi endem bitkilərinin toxumları onlara təqdim olunub. Məktəblilər bu bitkilərə necə qulluq edəcəkləri barədə məlumatlandırılıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2018 18:05 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin