Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə Azərbaycan 174 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Cari ildə Azərbaycan 174 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Cari ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 2018-ci ilin yanvar-avqust ayları ərzində 102 ölkəyə məhsul ixrac edilmiş, 166 ölkədən məhsul gətirilmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil etmişdir. Beləliklə, cari ildə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz artmışdır.

İxracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya,  3,2 faizini Rusiyaya, qalan 29,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

İdxalın ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 47,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Yanvar-avqust aylarında 1 milyard 93,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 4,0 faiz çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6 faiz,   kartof – 15,5 faiz, meyvə və tərəvəz konservləri – 14,9 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 18,3 faiz, pambıq ipliyi – 25,7 faiz artmışdır.Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4 faiz artmış, siqaret  idxalı isə 1,6 faiz, xam şəkər və şəkər – 36,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,0 faiz, kartof – 18,4 faiz, mal əti – 21,7 faiz, təzə tərəvəz – 47,1 faiz azalmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

11 Oktyabr 2018 15:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin