• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını televiziya vasitəsilə izlədim. Dövlət başçısı bu dəfə də məcburi köçkünlərin problemlərinə, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə xüsusi diqqət yetirdi. 
Biz məcburi köçkünlər cənab Prezidentin bu qayğısından çox məmnunuq. Doğrudan da, dövlət başçımız həmişə məcburi köçkünlərin problemlərini önə çəkib, onlar üçün imkan olan nə varsa hər şeyi edib. Bu iclasdakı çıxışında isə Prezident daha ciddi məsələlərə toxundu. 
Mənim 90-a yaxın yaşım var. Məcburi köçkünlüyün bütün ağrılarını yaşamış adamam. 1993-cü ildən torpaqlarımızı itirmişik. Amma ulu öndər Heydər Əliyev ilk vaxtlarda məcburi köçkünləri öz himayəsi altına aldı və onların sosial durumunun yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirdi. Cənab ­Prezident İlham Əliyev də bu kursu davam etdirdi, onun hakimiyyəti illərində qaçqınlarla bağlı üç dövlət proqramı qəbul olundu. 
Bizə olan qayğı ildən-ilə artıb, yeni şəhərciklər salınıb, məktəblər, xəstəxanalar, poliklinkalar inşa edilib, mədəniyyət müəssisələri tikilib. Bir sözlə, inanmıram ki, dünyanın harasındasa məcburi köçkünlərə bu qədər qayğı göstərilsin.
İclasdakı nitqində cənab Prezident dedi: “Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində özəl sektor tərəfindən mindən çox mənzil inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər”.
İndi bu şəhərciklərdə yaşayanlar yaxşı bilirlər ki, orada bütün infrastrukturlar yaradılıb. Məcburi köçkünlərin məşğulluq problemi də qismən həll olunub. Düşmənlər tərəfindən dağıdılmış Cocuq Mərcanlı bu gün abad bir kəndə çevrilmişdir. Bunları ona görə deyirəm ki, torpaqlarımız qaytarıldıqdan sonra bütün kəndlərimizin az zaman içərisində belə abadlaşacağı şübhəsizdir.
 Cənab Prezidentin çıxışında daha bir məqama diqqət yetirmək istəyirəm: “Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq”. 
Bu, çox sevindirici haldır. Göründüyü kimi, dövlətin bizə qayğısı ilbəil artır. ­Prezident çıxışında bildirib ki, bu qayğı gələn il də davam edəcək: “Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq”.
Cənab Prezident bu sahədəki problemləri də nəzərə çatdırdı: “...Biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki, əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”
İnanırıq ki, cənab ­Prezidentin çıxışındakı bu problemlə bağlı məsələlər tezliklə aradan qaldırılacaq və məcburi köçkünlərimizin sosial vəziyyəti daha da yaxşılaşacaq.

Azad HACIYEV, 
 məcburi köçkün

11 Oktyabr 2018 01:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin