• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibə Qafarova: Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur

Sahibə Qafarova: Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının üçüncü gününün birgə debatları radikallaşmanın və islamofobiyanın qarşısının alınması məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsinin nizama salınmasına dair məruzə və müzakirələrlə başlayıb. 
Sonra avropalı parlamentarilər Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın hazırladığı "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" adlı məruzəni dinləyiblər. 
Azərbaycanlı deputat 2001-ci il sentyabrın 11-də baş vermiş terror hadisələrindən sonra miqrant və diaspor təşkilatlarının radikallaşması mövzusunun dünya siyasətçilərinin və KİV-in diqqət mərkəzinə çevrildiyini bildirib. Qeyd edib ki, aparılan təhlillər terror hadisələrinin iddia olunduğu kimi miqrantlar tərəfindən deyil, diaspor üzvləri tərəfindən törədildiyini sübuta yetirib. Buna görə miqrantlar ekstremizm təhlükəsi ilə əlaqələndirilməməlidir. Diaspor üzvlərinin radikallaşmasının qarşısını almaq üçün bütün səylər birləşdirilməlidir. Doğma ölkəsində müharibələrdən qurtulmaq, sülh şəraitində təhlükəsiz həyat sürmək arzusu ilə Avropaya üz tutan miqrantların bəziləri onlar üçün nəzərdə tutulan düşərgələrdə radikallaşır, digər qismi isə Avropa cəmiyyətinə inteqrasiya edə bilmədiyindən radikallaşmaya tabe olurlar. Miqrantlar Avropaya gəldikləri zaman ayrı-seçkiliyə və şiddətə məruz qalırlar. 
Sahibə Qafarova bildirib ki, radikallaşmış şəxslərin əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi fikirlərin əksinə olaraq, müxtəlif tədqiqatlar bu yanaşmanın doğru olmadığını göstərir. Belə şəxslərin əksəriyyəti Quran oxumayıb və məscidləri müntəzəm olaraq ziyarət etməyib. Hücumların əksəriyyəti İŞİD-dən ilhamlanmış şəxslər tərəfindən təşkil olunub və həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə Qərbdəki dünyəvi həyat tərzini, nə də valideynlərinin müsəlman kimliyini qəbul edə bilirlər. Dini köklərini yenidən kəşf etməyə çalışarkən isə onlar terrorçu qruplaşmaların toruna düşür, ekstremist ideologiya vasitəsilə təsirə məruz qalırlar.
Deputat vurğulayıb ki, miqrantların çoxu Avropaya gəlməmişdən əvvəl insan alverçilərinin yanlış təbliğat və təşviqatının qurbanı olurlar. Onların Avropa şəhərləri ilə bağlı ilkin təəssüratları sosial şəbəkələrdə qeyri-real foto və şəkillərlə, şərhlərlə formalaşır. Avropaya gəldikdə isə qarşılaşdıqları real vəziyyət xəyal qırıqlığına səbəb olur, hətta radikallaşma prosesini sürətləndirir. 
Sahibə Qafarova radikalizmin digər potensial səbəbinin iqtisadi və sosial qeyri-bərabərlik olduğunu bildirib. Qeyd edib ki, ayrı-ayrı yerlərdə və ya icmalarda yaşayan, yoxsulluq, sosial təcrid və narazılıqla üzləşən miqrantlar belə bir vəziyyətdə qeyri-qanuni qazanc yolları axtarırlar. Ayrı-seçkilik radikallaşmaya təsir göstərən digər mühüm amildir və bu, Avropa ölkələrinin miqrantlarla bağlı siyasətinin uğursuzluğunu göstərir. 
Deputat qeyd edib ki, radikallaşmaya qarşı mübarizə antiislama çevrilməməlidir. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini yoxdur. 
“İŞİD-in Avropadakı miqrant gənclərə ünvanlanan antiqərb ismarıclarını gücləndirən antiislam ritorikası dərhal dayandırılmalıdır. Radikalizmin və ekstremizmin qarşısını almaq üçün miqrantların ev sahibliyi edən ölkələrdə təhlükəsiz olmalarına inamlarını möhkəmləndirmək və öz mədəniyyətlərini saxlamaqla yerli cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün tədbirlər görülməlidir. Radikalizmin yayılmasının qarşısını almaq üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir”, - deyə S.Qafarova diqqətə çatdırıb. 
Çıxışının sonunda S.Qafarova radikallaşmanın qarşısının alınmasının ən vacib vasitəsinin maarifləndirmə olduğunu vurğulayıb. O, məktəb və universitetlərdə düzgün və səmərəli maarifləndirmə işləri aparılmasının əhəmiyyətinə toxunub. Bildirib ki, İslamı terror dini və təhdid kimi xarakterizə edən KİV-in fəaliyyəti qətiyyətlə pislənilməli, hətta lazım gələrsə, müəyyən hüquqi sanksiyalar tətbiq edilməlidir. Deputat radikallaşmada sosial şəbəkələrin rolundan da danışıb və bununla bağlı müəyyən layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, həmçinin radikallaşmanın qarşısının alınmasında qadınların mühüm rolunu da vurğulayıb. 
Diqqətə çatdırıb ki, radikallaşma və ekstremizmə qarşı mübarizə bir sıra maraqlı tərəflər, idarəetmənin bütün səviyyələri və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq tələb edir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir. 
Bütün Avropa ölkələrində ekstremizmə və radikallaşmaya qarşı mübarizədə ən yaxşı vasitə dinlərarası dialoqdur.

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

11 Oktyabr 2018 01:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin