Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rafael Hüseynov: Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalanlar müsəlmanlardır

İslamı üzdə müdafiə edib, əməldə ona qarşı fobiyanı bir az da dərinləşdirmək siyasətinin yerinə yetirilməsi yolverilməzdir

Rafael Hüseynov: Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalanlar müsəlmanlardır

Bugünkü məruzəçilər əhatəli təhlillər əsasında bir sıra mürəkkəb suallara aydınlıq gətirməyə müvəffəq olmağa çalışıblar. Bu məruzələr son illərdə İslam problematikası ilə bağlı Parlament Assambleyasında hazırlanan ən gərəkli araşdırmalar sırasında yer tutmağa layiqdir.
Bu fikri AŞPA-nın payız sessiyasında “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsinin tənzimlənməsi” və “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” mövzuları ilə bağlı birgə müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.
Deputat qeyd edib ki, bu gün dünya əhalisinin dörddəbiri İslama sitayiş edir. Həm də Yer kürəsinin müsəlman əhalisi daha sürətlə çoxalır. Ona görə də gələcəkdə bu nisbətin böyüyəcəyini, planetimizdə müsəlmanların sayının bir qədər də artacağını düşünmək olar. İslamla bağlı ayrı-ayrı mövzuların Avropa Şurasında, eləcə də bir sıra başqa beynəlxalq təşkilatlarda getdikcə daha çox yer almasının ilk səbəblərindən biri budur. İslam dünyanın böyük dinlərinin ən gəncidir. Bu din özündən əvvəlki kitablı dinlərə xüsusi ehtiramla yanaşır və onların təcrübəsindən istifadə edilərək formalaşıb. İslama “cavan din” söyləsək də, hər halda artıq onun yaşı 1400-ə çatır və dünya tarixinin bir çox mühüm hadisələrinin məhz elə bu zaman kəsiyində baş verdiyini nəzərə alsaq, yetərincə böyük müddətdir. 
“Bu dinin qurucusu Məhəmməd peyğəmbərin sözləri var ki, Allah gözəldir və gözəl olanı sevir. Yəni, mahiyyəti etibarı ilə İslam gözəllik qanunları üzərində qurulmuş, haqqı, ədaləti, insansevərliyi təqdir və təbliğ edən bir inanc şəbəkəsidir. Bu dinin fəlsəfəsi zorun da, zülmün də, hər cür riyakarlığın da əleyhinədir. Odur ki, İslama bir din olaraq fobiyalarla yanaşmaq, onda hansısa mənfiliklər axtarmaq, ona qarşı sərt mövqedə dayanmaq tam yanlışdır. Böyük rus yazıçısı Fyodor Dostayevskinin, adətən, bir məşhur fikri tez-tez iqtibas edilir. Ancaq nədənsə çox vaxt da onun müdrik fikrinin yarısını söyləyib, ardını dilə gətirmirlər. Dostayevski “Dünyanı gözəllik xilas edəcək” deyib, amma fikrini də davam etdirərək söyləyib: “Lakin pul onu – dünyanı məhv edəcək”. “Pul” – yəni, maddi maraqlar, müxtəlif siyasət, daha çox qəsb etmək ehtirasları, bu istəklərin həyata keçirilməsindən ötrü istifadə edilən müharibələr, növ-növ münaqişələr, fitnəkarlıqlar”, - deyə R.Hüseynov bildirib. 
Milli Məclisin deputatı müasir dünyanın siyasi mənzərəsinə diqqət etməyə çağıraraq deyib: “Axı necə olur ki, müsəlman ölkələrinin az qala hamısı qanlı müharibələr, sonu görünməyən hərbi qarşıdurmalar, qaçqınlıq, səfalət və digər ağır problemlərlə üzbəüzdür? Bu, təbii gedişatla baş verir və ya məqsədli şəkildə yönləndirilir?”. Deputat hətta bəzən beynəlxalq platformalarda guya İslamı müdafiə etmək məqsədilə təşkil edilən müzakirələrin ardından başqa – çox da təmiz olmayan məqsədlər göründüyünü bildirib. Qeyd edib ki, üzdə müdafiə edirlər, amma işdə İslama qarşı fobiyanı bir az da dərinləşdirmək siyasəti yerinə yetirilir. Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalan, radikalizmdən ən çox əziyyət çəkən müsəlmanlardır. Ancaq üstüörtülü şəkildə belə yolverilməz hərəkətlərin dünyadakı əsas törədicilərinin müsəlmanlar olması təsəvvürləri dərinləşdirilir, bununla da İslama qarşı radikallaşma meyilləri gücləndirilir. Bütün bunların arxasında öz qara niyyətlərini yüksək peşəkarlıqla icra edən böyük siyasət, geniş şəbəkəli kəşfiyyat dayanır. Bu bir qlobal hörümçək torudur. Ssenariləri onlar özləri qurur, aktyorları da özləri seçirlər. Lazım hesab etdikləri məqamlarda İslama qarşı ən kəskin addımları da özləri atır, İslamın adından ən kəskin cavabları da özləri təşkil edirlər. Beləcə, qarşıdurma illüziyası yaradırlar və sadəlövhlərə yalanı həqiqət kimi inandırmaq məqsədi güdürlər. Effekt güclü alınsın deyə dərhal dünya mətbuatını da təbliğat mexanizmi olaraq bu oyuna cəlb edirlər.
“Əlbəttə, Avropada və ümumən dünyada İslamın maliyyələşdirilməsi ilə bağlı tənzimləmə də olmalıdır, bu sahədə aşkarlıq, şəffaflıq da təmin edilməlidir. Hər cür radikallaşmaya qarşı da mübarizə aparmalıyıq, islamofobiya ilə bağlı mifləri dağıtmağa da daim səy göstərməliyik. Amma heç zaman sadədil olmamalı, pərdə arxasındakı ssenaristləri, rejissorları, kuklaların iplərini dartan aktyorları da unutmamalıyıq. Çünki bütün bu məsələlərdə bizə görünən həmişə həqiqətin yalnız cüzi bir hissəsidir. Həqiqəti bütövlüyü ilə görüb təhlil etmədən isə doğru nəticələrə çatmaq mümkünsüzdür”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü vurğulayıb. 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

11 Oktyabr 2018 01:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin