• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq etdi

Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq etdi

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğalçı Ermənistan rəhbərliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu olmayıb və olmayacaq. Dövlət başçısı Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində də bir daha bu məsələyə toxunub və Azərbaycanın mövqeyinin istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini bildirib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: “Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir”.
Dövlət başçımız qeyd etdi ki, Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır.
Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsi ilə bağlı daha bir fakt məlum olub. Almaniya mediasının yaydığı məlumata görə, Bundestaqın sağçı radikal AfD fraksiyası Almaniya hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik bir sorğu göndərib. Sorğuda Dağlıq Qarabağla bağlı bəzi suallar da yer alıb.
Almaniya hökumətinin sözügedən sorğuya cavabında qeyd olunub: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.
Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.
Bununla bir daha təsdiq edilir ki, Almaniya Federativ Respublikası Azərbaycanın ərazi bütövlüyü məsələsində qəti mövqedə dayanır. AFR hökuməti Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistana heç bir dəxli olmadığını, bu ərazilərin Azərbaycana məxsus olduğunu bəyan edir. Bu isə, bir tərəfdən, Azərbaycan diplomatiyasının, şəxsən ­Prezident ­İlham Əliyevin odigər tərəfdən isə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və son nəticədə azad etməli olacağını təsdiqləyir. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

11 Oktyabr 2018 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin