Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir

Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, ­
əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır.

***

Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik.

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövrü ərzində qarşıya qoyulan vəzifələrin uğurla və vaxtında icra edildiyini, dinamik inkişafın təmin olunduğunu, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırıb.  
Dövlətimizin başçısı nitqində dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyətin gərgin olaraq qalmasına baxmayaraq, xalqımızın mümkün olan xarici risklərdən daha da ciddi qorunduğunu,  rahat həyatının təmin edildiyini vurğulayıb: “Bu istiqamətdə bir çox addımlar atılır, o cümlədən xarici siyasətlə bağlı addımlar. Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur...”.
Prezident İlham Əliyev nitqində bu il Azərbaycanın   qonşu ölkələrlə əlaqələrinin yeni mərhələyə daxil olduğunu, qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlər keçirildiyini, bu zaman əldə edilən razılaşmaların həm ikitərəfli münasibətləri möhkəmləndirdiyini, həm də regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərdiyini xatırladıb.  
Dövlətimizin başçısı Azərbaycanın müsəlman ölkələri ilə əlaqələrin də hər zaman diqqət mərkəzində saxlandığını, bu məsələnin respublikamızın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bildirib. 
Ölkə rəhbəri nitqində, həmçinin bu il Azərbaycanın  iştirakı ilə bir neçə önəmli beynəlxalq hadisənin reallaşdığını, onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsinin mühüm tarixi əhəmiyyət daşıdığını, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin   konfransının keçirildiyini, Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox önəmli məsələlər, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli müddəalar yer alan “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalandığını da diqqətə çatdırıb.  
Prezident İlham Əliyev iclasda bütün bunlarla bərabər, Azərbaycanın hərbi qüdrətinin getdikcə  artdığını da vurğulayıb: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik...”.
Dövlətimizin başçısı nitqində hesabat dövründə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində önəmli addımlar atılması barədə ətraflı danışıb, iqtisadi göstəricilərlə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirib ki, bu ilin doqquz ayında ümumi daxili məhsulda 0,8 faiz, qeyri-neft sektorunda 1 faiz, sənaye istehsalında 2 faiz,  sənayeləşmə siyasəti nəticəsində isə qeyri-neft sənayesində 10,8 faiz artım qeydə alınıb. Kənd təsərrüfatında bu göstərici 4,3 faiz təşkil edib.  

Bu dövrdə inflyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri 9,5 faiz olub. Yəni gəlirlər inflyasiyanı üstələyib. İnflyasiyanın getdikcə azalmasına isə ölkənin maliyyə vəziyyətinin sabit və makroiqtisadi şəraitin əlverişli olması mühüm təsir göstərib.  
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb. Xatırladaq ki, “World Economic Outlook”un hesabatında  bu barədə məlumat verilib və respublikamızda inflyasiyanın MDB regionunda ən aşağı səviyyədə olduğu qeyd edilib.      
Nazirlər Kabinetinin iclasında cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulduğu, bu vəsaitin 5,6 milyard dollarının qeyri-neft sektoruna yönəldildiyi, valyuta ehtiyatlarımızın 45 milyard dollara çatdığı, ilin əvvəlindən bəri isə əlavə 3 milyard dollar yığıldığı xatırladılıb. Prezident İlham Əliyev bu barədə deyib: “Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”.
İclasda digər iqtisadi göstəricilər barədə də ətraflı bəhs edilib. Hesabat dövründə xarici ticarət dövriyyəsinin 37 faiz, ixracın da təxminən bir o qədər, qeyri-neft ixracının isə təxminən 14 faiz artması, ölkəmizdə 85 min daimi iş yerinin açılması diqqətə çatdırılıb. 
Prezident İlham Əliyev sosial-iqtisadi inkişafda yüksək dinamikanın səbəbini belə əsaslandırıb: “Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək”.
Nazirlər Kabinetinin iclasında doqquz ayda ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artırılmasına xüsusi fikir verildiyi, dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox tədbirlərin icra edildiyi, o cümlədən, iri müəssisələr yaradıldığı, Azərbaycanın enerji siyasətinin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının gerçəkləşdirildiyi, Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, TANAP və TAP layihələrinin uğurla gerçəkləşdirilməsi, habelə     ”Azerspace-2” peykinin orbitə çıxarılmasının Azərbaycanın iqtisadi gücünün artmasında önəmli rol oynayacağı ifadə olunub.   
İclasda vergi sahəsində aparılan islahatların, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlərin, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılmasının sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcəyi əminliyi vurğulanıb.  
Reallaşdırılan islahatlar nəticəsində ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanılıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşüb. 
İclasda nəqliyyat, rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurlar barədə də ətraflı danışılıb. Bildirilib ki, hazırda respublikada telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Bakı şəhərində bir xətt üzərindən üç xidmət – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq.
Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.
Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir.
İclasda dövlətimizin ən çox diqqət yetirdiyi sahələrdən birinin-xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı bəhs edilib.  Bildirilib ki, ölkə rəhbərinin  2016-cı il 5 may tarixli sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb. Bu filialların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur.
Filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda söylədiyi yekun nitqində deyib: “İlin sonuna üç aydan az vaxt qalır. Əminəm ki, biz ilin sonuna qədər nəzərdə tutduğumuz bütün işləri görəcəyik, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcəkdir. Mənə bu yaxınlarda məruzə edildi, Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı vəziyyət yaxşıdır. Cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.
Bir neçə ay bundan əvvəl biz büdcəyə dəyişiklik etdik. Çünki əlavə vəsait daxil edildi. Hesab etdik ki, bu il görülə biləcək işlərin icrası üçün əlavə vəsait ayıraq, o cümlədən sosial məsələlərin həlli üçün. Dürüstləşmə edildi və büdcəmizin həcmi artırıldı. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz daha da yaxşılaşır. Elə imkanlar yaranıb ki, biz il ərzində büdcəyə dəyişiklik edərək büdcəmizin həcmini artıra bilərik. Dünya miqyasında belə hallara çox da tez-tez rast gəlinmir. Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin etmişdir”.
Dövlətimizin başçısı daha sonra vergi və gömrük orqanlarında şəffaflığın tam təmin olunması, struktur islahatlarının bundan sonra da davam etdirilməsi, investisiya siyasətinin diqqət mərkəzində saxlanılması, aqrar sektorun, sahibkarlığın inkişafı istiqamətində mühüm layihələrin reallaşdırılması, “ASAN xidmət”,  “ABAD” - “Ailə Biznesinə Asan Dəstək”, “DOST”-Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin fəaliyyətlərinin daha da genişləndirilməsi, eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün sosial şəraitin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq qurumlara tövsiyə və tapşırıqlarını verib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

11 Oktyabr 2018 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin