• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Maqomayev” adlı səkkizseriyalı bədii filmin çəkilişlərinə başlanılıb

“Maqomayev” adlı səkkizseriyalı bədii filmin çəkilişlərinə başlanılıb

Bakıda Rusiyanın “Birinci kanal”ının layihəsi olan “Maqomayev” adlı səkkiz seriyalı bədii filmin çəkilişlərinə başlanılıb.
SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş bədii filmdə rusiyalı aktrisa, “Miss Russia-2010” və “Miss Yekaterinburg-2009” gözəllik müsabiqələrinin qalibi İrina Antonenko onun həyat yoldaşı, SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya rolunu canlandıracaq.
Bu barədə Antonenko özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yazıb. O, çəkilişlərdən şəkil də paylaşıb. Bütün çəkiliş qrupu artıq bir neçə gündür Bakıdadır. Filmin rejissoru Oleq Asadulindir. Müslüm Maqomayev rolunu serbiyalı aktyor Miloş Bikoviç oynayır.
Qeyd edək ki, görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano sinfini, sonra isə musiqi məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının vokal siniflərini bitirib. 1963-cü ildə Müslüm öz konserti ilə Moskvanı fəth edib. Onun uğurları dildən-dilə düşüb. O, təkcə estrada mahnılarını deyil, opera əsərlərini də böyük məharətlə ifa edib. ­1964-cü ildə M.Maqomayev Milanın “La Skala” Opera Teatrına bir illik təcrübə toplamağa gedib. ­1974-cü ildə Rusiya opera müğənnisi Tamara Sinyavskaya ilə ailə həyatı qurub.
1997-ci ildə Günəş sistemində 1974 SP1 nömrəsi ilə qeydə alınan kiçik planetlərdən birinə onun adı verilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə 66 yaşında dünyasını dəyişib. O, Bakıdakı Fəxri xiyabanda dəfn edilib. Əgər yaşasaydı, bu il onun 76 yaşı olacaqdı.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

11 Oktyabr 2018 01:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin